Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası ardıcıl 10-cu dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, millimizin üzvü, təcrübəli blokçumuz Ayşən Abduləzimova seçmə mərhələdəki mübarizəylə bağlı fikirlərini bölüşüb.

Kapitanımız sosial şəbəkə vasitəsilə bu müddətdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Avropa çempionatının seçmə mərhələsini başa vurduq və ardıcıl 10-cu dəfə final mərhələsinə vəsiqə qazandıq. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. İlk gündən yanımızda olan hamıya, gün ərzində bütün əziyyətimizi çəkən federasiyasının ən xırda vəzifə sahiblərindən tutmuş rəhbərliyinədək hər kəsə, texniki və məşqçi heyətimizə, həkim və terapevtlərimizə, oyunlarımızı işıqlandıran, yazılar dərc edən bütün media əməkdaşlarına və əlbəttə ki, bizi heç zaman tək qoymayan, hər oyunda yanımızda olan, sonadək bizi dəstəkləyən və bizimlə bərabər həyacan keçirib sevinən bütün azarkeşlərimizə, voleybol sevərlərimizə minnətdarlığımı bildirirəm. Gələn il keçiriləcək Avropa çempionatında uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyimizə əmin ola bilərsiniz. Mən də bir kapitan olaraq bu məsuliyyəti dərk edərək demək istəyirəm ki, bütün komanda yoldaşlarımızla bu işin öhdəsindən gəlmək üçün maksimum səviyyədə çalışacağıq".