ACF rəsmiləri Avropa Cüdo Birliyinin konqresində iştirak ediblər
- 11 Dek 2022 16:40
- 511
10 dekabrda Sloveniyanın paytaxtı Lyublyanada Avropa Cüdo Birliyinin (ACB) 74-cü konqresi keçirilib.
Rekord.az xəbər verir ki, 46 üzv federasiyadan 130-dan çox qonağın iştirakı ilə keçirilən konqresdə il ərzində görülən işlər və qarşıdakı layihələr müzakirə edilib.
Tədbirdə ölkəmizi Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, baş katibin məsləhətçisi Azər Novruzov, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov və təhsil üzrə menecer Orxan Oruczadə təmsil ediblər.
Konqresin gündəliyində ACB-nin cari il üzrə hesabatlarının təsdiq edilməsi olub. Eyni zamanda, konqresdə 2021-ci il üçün maliyyə hesabatı, cari maliyyə vəziyyəti ilə bağlı qeydlər və növbəti maliyyə ili üçün təkliflərin təsdiq edilməsi müzakirə olunub. Həmçinin idman, hakimlik, marketinq, təhsil və bir sıra diqər məsələlər müzakirəyə qoyulub, müvafiq qərarlar qəbul edilib.
Konqresdən əvvəl, 8 və 9 dekabr tarixlərində ACB-nin təhsil proqramları, marketinq və yarışların idarə edilməsi, eləcə də inzibati məsələlərlə bağlı sessiyalar baş tutub. Sessiyalarda ACB-yə üzv federasiyalar öz təcrübələrini paylaşıb.
Konqres çərçivəsində ACF-nin nümayəndə heyəti ACB-nin rəhbərliyi ilə görüşlər keçirib. Görüşlər zamanı 6-8 may tarixində Göygöl şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda görüləcək işlər və ikitərəfli əməkdaşlıq müzakirə olunub.