ACF ümumrespublika seminarı keçirib
- 28 Dek 2024 19:20
- 49
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.
Rekord.az xəbər verir ki, görüşdə növbəti ilin planları, yarış təqvimi müzakirə edilib, həmçinin cüdoda tətbiq ediləcək yeni qaydalar izah olunub.
Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə ACF-in prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, təhsil meneceri Orxan Oruczadə iştirak ediblər.
Görüş zamanı idman təşkilatları və məşqçilərə “Judo Manager” proqramından istifadə etmələrinin ACF-in tələbi olduğu bir daha izah olunub. Bununla yanaşı, kəmər və dan dərəcələrinin verilməsi qaydaları ilə bağlı müzakirə aparılıb, klubların lisenziyalaşdırma proseduru və tələbləri detallı şəkildə iştirakçılara izah edilib.
Seminar iştirakçılarına “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyin zəruriliyi ilə bağlı xatırlatma edilib və onlardan bütün idmançıların sağlamlıq arayışlarının mövcudluğunu təmin etmələri tələb olunub. Bundan əlavə, 2025-ci ildə keçiriləcək tədbirlərin təqvimi təqdim edilib və qarşıdakı yarışlarda iştirak qaydaları ətraflı şəkildə müzakirə olunub.
Daha sonra məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə hazırlnan təlimatın layihəsini seminar iştirakçılarına təqdim edilib. Sənədin məqsədi cüdo idman növü ilə peşəkar və ya həvəskar səviyyədə məşğul olan şəxslər üçün məşqçi fəaliyyəti göstərənlərin təhsil və təlimi, inkişafı, qiymətləndirilməsi və lisenziyalaşdırılması prosesini müəyyənləşdirməkdən ibarətdir. Sənəd layihəsinin cüdo ictimaiyyəti ilə müzakirəsi bitdikdən sonra yekun layihə təsdiq üçün ACF İcraiyyə Komitəsinə təqdim ediləcək.
Seminarın ikinci hissəsində Hakimlər Komitəsinin sədri Natiq Bağırov məşqçilərə Beynəlxlalq Cüdo Federasiyası tərəfindən elan edilmiş yeni qaydaların nəzəri və praktiki izahını verib, bu istiqamətdə onların çoxsaylı suallarını cavablandırıb.
Görüş zamanı bir sıra məqşçilərə dan dərəcələri də təqdim edilib.