Ad gününə görə hakimə təmiz qolu ləğv etdirən “Jiquli”
- 13 May 2020 12:00
- 13414
Ötən gün əlimə futbol tariximizlə bağlı çox maraqlı bir material keçdi. Material ən azı 20 il bundan qabaq yazılsa da çox diqqətimi çəkdi. Oxudum və şəxsən mənim üçün kifayət qədər maraqlı gəldi. Həmin materialda “Neftçi”nin veteran hücumçusu, Azərbaycanın sovet dövründə yetişdirdi ən tanınmış futbolçularından olan Səməd Qurbanovdan bəhs edilirdi. Daha doğrusu, Qurbanov özü futbolçuluq dönəmində başına gələn maraqlı hadisələri həmkarlarımızla bölüşmüşdü. Bir qədər düşündükdən sonra həmin yazının üzərində işləyib sizlərə təqdim etmək istədim. Əminəm ki, çoxları üçün bu yazı yenilik olacaq. Hazırkı dövrümüzdə informasiyanın yayılma surəti çox yüksəkdir. Çünki o qədər saytlar açılıb ki, qəzetlərin hansısa xəbəri sabahkı sayı üçün manşet çıxarması çox vaxt sadəcə, mümkünsüz olur. Ancaq 20 il bundan öncə vəziyyət tamam fərqli idi. Saytlar bir yana, normal idman qəzetlərini belə barmaqla saymaq olardı. Uzaqbaşı 1 ya da 2 qəzet olaydı, ya yox. Bu mənada həmin vaxtların dövrü mətbuatında, kitablarında getmiş və futbol tariximizi özündə əks etdirən bir çox yazılar var ki, bu gün həmin yazılardan gənc nəslin xəbəri belə yoxdur. Bu mənada düşünürük ki, bəzən haqqında bəhs etdiyimiz və bu günə qədər çoxlarına məlum olmayan maraqlı hadisələri, faktları futbol ictimaiyyətinə çatdırmaq heç də pis olmazdı. Götürək elə az öncə adını çəkdiyimiz Səməd Qurbanovu. Yəqin çox az adam bilir ki, Qurbanov futbolçu olduğu dönəmdə “Neftçi”nin qapısına vurulan təmiz qolu hakimə qeydə aldırmayıb. Bir qədər sonra bu hadisəni təfsilatı ilə Qurbanovun öz dilindən sizə çatdıracağıq. Ancaq gəlin əvvəllcə qəhrəmanımızla bir qədər yaxından tanış olaq.
“Jiquli” ləqəbli qazaxlı balası
Səməd Qurbanov — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb.
Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub. Rəsmi və qeyri-rəsmi turnirlər, həmçinin yoldaşlıq görüşləri nəzərə alınmaqla "Neftçi"də 400-dən çox oyun keçirib. 1976-cı ildə "Neftçi"nin heyətində SSRİ 1-ci liqasının ikinci mükafatçısı olub. 70-ci illərin sonunda SSRİ-nin ikinci yığmasına və olimpiya yığmasına cəlb olunub. 1979-cu ildə Azərbaycan yığmasının heyətində SSRİ Xalqlarının Spartakiadasında iştirak edib. 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun siyahısında yer alıb (3-cü sol yarımmüdafiəçi). 1983-cü ildə "Futbol-Hokkey" həftəliyinin SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda "Neftçi"nin səs alan yeganə futbolçusudur (1 xal). Sürətli reydlərinə görə "Jiquli" ləqəbini qazanıb. 1984-ci ilin mayında - 30 yaş 10 ayında futbolçu karyerasını başa vurub.
Uşaqlığı və futbola gəlişi...
İndi isə haqqında söhbət açdığımız materialda veteran futbolçunun səsləndirdiyi maraqlı fikirləri sizin diqqətinizə çatdırırıq. Gəlin öncə görək, Qurbanovun futbola gəlişi necə olub: “Rayon uşaqlarına xas olan ənənə üzrə mən də böyük futbola küçədən başlamışam. Uşaqlıqda həmyaşıdlarımla birlikdə səhərdən axşamacan Qazaxın küçələrində top qovardıq. 1968-ci il idi. O vaxtlar hər il Gəncədə respublikanın perspektivli futbolçularının baxış-turniri keçirilirdi. Bu turnirdə oyunum kiminsə xoşuna gəldi və məni Bakıya çağırdılar. Bakıxanov qəsəbəsindəki idman təmayüllü məktəbə daxil oldum. 1971-ci ildə respublikamızın gənclərdən ibarət yığmasıın heyətinə qatıldım. Həmin il kapitan olduğum bu komanda Sovetlər Birliyinə daxil olan respublikaların “Ümid” kubokunun qalibi oldu. Bu uğurdan sonra “Neftçi”yə dəvət aldım. “Neftçi”Yə gəlişimin qısa tarixçəsi belədir. İlk vaxtlar mənə şirin yuxu kimi gəlirdi. Ətrafıma baxanda gözlərimə inanmırdım. Banişevski, Bruxti, Semiqalazov, Tuayev və s. kimi futbol ustaları ilə bir komanda da oynamaq əsl möcüzə idi. Bir də axı onda mənim cəmi 17 yaşım vardı... Sonra hər şeyə alışdım. 1971-ci ildən 1984-cü ilədək sevimli komandamızın heyətində 300-ə yaxın oyunda meydançaya çıxdım. Düzdür, vurduğum qolların sayı az olub. Bu isə mənim komanda da daşıdığım vəzifəylə bağlı idi. Belə ki, əsas işim həm rəqibin hücumlarını zərərsizləşdirmək, həm də komanda yoldaşlarımı topla təmin etmək idi. Futbolçu karyeramın ən uğurlu
anlarından biri kimi 1976-cı ili qeyd edərdim. Həmin il “Neftçi” dörd illik fasilədən sonra yenidən güclülər dəstəsinə qayıtdı. Çox gözəl komandamız var idi. Əli Rəhmanovun, Tofiq və Elbrus Abbasovların, Asəf Namazovun, Əbdülqəni Nurməmmədovun və başqalarının adlarını çəkmək istərdim. Vaxtilə SSRİ-nin olimpiya yığmasına dəvət olunmuşam, 5-6 görüşdə gücümü sınamışam. Sonralar baş məşqçi Malofeyev məndın üz döndərdi. Bunun da maraqlı bir tarixçəsi var....
...və tarixi epizod haqda
...Malofeyev o dövr həm də “Dinamo” (Minsk) komandasına başçılıq edirdi. Turların birində “Neftçi” Bakıda belaruslarla qarşılaşırdı. Həmin gün isə mənim ad günüm idi. Bu səbəbdən də nəyin bahasına olursa-olsun oyunu udmaq istəyirdik. Görüşün sonlarına yaxın minsklilər cərimə zərbəsindən qol vurdular. Həmin vaxt hesab 2:1 bizim xeyrimizə idi. Həmin andaca hakimin üstünə qaçdım. Dedim ki, qolu hesab alma, bu gün mənim ad günümdür, biz bu oyunu udmalıyıq. Hakim də qolu saymadı. Bundan sonra mübahisə başladı. Elə Malofoyevlə aramızdakı soyuqluq da bundan sonra yarandı. Futboldu da, neyləmək olar. Hərdən qələbə xatirinə belə yollara da əl atmalı olursan”.
Bəli, bəzən belə hallarda olur. Çox təəssüf ki, Qurbanov həmin hakimin adını çəkməyib. Amma düşünürük ki, Qurbanov üçün ən dəyərli ad günü hədiyyəsi elə sayılmayan həmin qol olub.
Səməd Qurbanovun SSRİ çempionatının yüksək liqasında qol vurduğu oyunlar:
08.09.1972 “Dinamo” (Minsk) – “Neftçi” 1:1
29-cu dəqiqədə hesabı açıb (0:1).
18.06.1978 SSKA (Moskva) – “Neftçi” 1:1
55-ci dəqiqədə hesabı açıb (0:1).
13.06.1979 “Neftçi” – “Zenit” (Leninqrad) 2:2
56-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb (1:2).
21.08.1980 “Paxtakor” (Daşkənd) – “Neftçi” 2:2
7-ci dəqiqədə hesabı açıb (0:1).
13.08.1981 “Neftçi” – “Kuban” (Krasnodar) 2:1
57-ci dəqiqədə hesabı açıb (1:0).
26.04.1982 “Paxtakor” (Daşkənd) – “Neftçi” 3:2
18-ci dəqiqədə hesabı açıb (0:1).
16.08.1982 “Neftçi” – “Torpedo” (Kutaisi) 3:2
71-ci dəqiqədə Azərbaycan komandasının üçüncü qolunu vurub (3:1).
24.08.1982 “Neftçi” – “Paxtakor” (Daşkənd) 4:2
17-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1).
23.10.1982 “Neftçi” – “Dinamo” (Minsk) 3:2
14-cü dəqiqədə hesabı açıb (1:0).
07.04.1984 “Neftçi” – “Çernomorets” (Odessa) 2:1
8-ci dəqiqədə hesabı açıb (1:0).
Qeyd: Fərqləndiyi 10 oyundan 7-də matçın ilk qolunu vurub. Ən çox Daşkənd "Paxtakor"unu məyus edib - 3 qol.