Adanada olan Azərbaycan millisinin üzvü təhlükəsizlikdədir
- 06 Fev 2023 21:57
- 541
Türkiyədə bu gün səhərə yaxın baş verən dəhşətli zəlzələ Adana bölgəsində də ciddi dağıntılara və itkilərə səbəb olub. "Rekord.az" xəbər verir ki, Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü, "Çukurova Adana BLD. Demirspor" klubunda çıxış edən Olena Xarçenko da bu dəhşətli zəlzələni canlı yaşayanlardan olub.
Voleybolçumuz xoşbəxtlikdən zəlzələ zamanı xəsarət almayıb. AVF voleybolçumuzla əlaqə saxlayıb və onun hazırkı vəziyyəti ilə maraqlanıb. Bu dəhşətli hadisədən ciddi sarsıntı keçirən Xarçenkonun fikirlərini təqdim edirik: "Zəlzələ səhərə yaxın təxminən saat 4 radələrində baş verdi, biz yuxudan oyandıq. Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq. Mən anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə biz zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin"
Qeyd edək ki, bu gün yerli vaxtla 04:17-də (Bakı vaxtı ilə 05:17-də) Türkiyənin Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub. Zəlzələ Türkiyənin Adıyaman, Adana, Ankara, Antalya, Qaziantep, Diyarbəkir, Kayseri, Mersin, Trabzon, Şanlıurfada şəhərlərində də hiss olunub. Bir çox şəhərdə ciddi dağıntılara və itkilərə səbəb olub. Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 3300 nəfəri keçib.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.