ADBTİA məzunu Milli Qəhrəman Əliyar Əliyevin doğum gününü qeyd etdi VİDEO
- 14 Dek 2020 17:05
- 1076
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.
Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olan Ə.Əliyev 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirib. O, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə isə hərbi xidmət keçib.
Ə.Əliyev respublikanın adlı-sanlı idmançılarından biri sayılıb. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlib. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu olub, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunub.
Əliyar Əliyev Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri olub. Tabor komandiri Ə.Əliyev dəfələrlə düşmənə ağır zərbə vurub. O, əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.