"Kəpəz"in baş məşqçisi Adil Şükürov Rekord.az-a müsahibə verib:

 

- Qış fasiləsindən sonra keçirdiyiniz üç oyundan 6 xal toplamısınız və ən yaxın rəqibiniz "Qəbələ"dən 5 xal aralana bilmisiniz. Maraqlıdır, Adil Şükürov "Kəpəz"də ilk növbədə nəyi dəyişdi?

- İlk görüşümüzdə futbolçulara ilk növbədə hansı klubda forma geyindiklərini izah etdim. Bu komanda tarix boyu yüksək yerlər uğurunda oynayıb, hər zaman mübarizəsi ilə seçilib, hər zaman da rəqiblər bu komandadan çəkinib. Bu gün durum olaraq aşağıdayıq. Amma məsələnin digər tərəfi də odur ki, bu komandanın potenialı var, əzmkarlığıvar. Gəncə camaatında da bu xüsusiyyət hər zaman olub. Mənim də uşaqlara ilk növbədə çatdırmaq istədiyim bu idi. Xüsusilə yerli futbolçular ön plana çıxmalı, liderliyi üzərlərinə götürməlidir. Yerlilər bunu etsə, legionerlər də onlara baxıb oynayacaq. İlk növbədə etmək istədiyimiz bu idi və hələ ki, alınır.

- Gəncəli olan Tural Rzayevin "Araz Naxçıvan"la oyunda kapitan sarğısı ilə meydançaya çıxması da sırf bununla bağlı idi?

- Tural komandamızdakı tək gəncəcli deyil. Əli Səmədov da var. Amma məşqçilər korpusu ilə bu haqda danışanda düşündük elə futbolçu seçək ki, həm çox oyun keçirən olsun, həm də tərübəsi olsun ki, oyun zamanı komandanı sakitləşirə bilsin. Alternativlər də var idi, amma "Araz Naxçıvan"la oyunda sarğını Turala verməyi qərara aldıq. Düşünürəm qismən bunun öhdəsindən gələ bildi.

- Qış fasiləsini Bakıda keçirdiniz. Qışdan sonrakı ilk 3 tura 6 xal təxmin edirsiniz?

- Düzü, bu haqda heç nə düşünməmişdik. Bizim hədəfimiz hər oyuna xal üçün çıxmaqdı. Çünki futbolçunun qarşısına konkret olaraq hansısa say qoyanda həmin oyunlardan sonra arxayınlaşır. 

- Növbəti matçınızı da evdə, daha doğrusu desək, ev oyunlarınızı keçirdiyiniz Qəbələdə "Səbail"i qəbul edəcəcksiniz. Daha sonra "Sabah" və "Qəbələ" ilə üzü-üzə gələcəksiniz. Belə demək mümkünsə, yüksəlişdə olan yox, enişdə olan komandalarla qarşılaşacaqsınız. Bu üç oyundan maksimum hədəfiniz nədir?

- Yenə deyirəm, biz üç oyuna görə plan qurmuruq. Bütün oyunlara xal üçün çıxırıq. Futbolçularıma da deyirəm ki, ilk növbədə özümüzdən yuxarıda olan komandaya çatmalıyıq. Ona çatandan sonra bir sonrakı rəqibə çatmağı hədəfləyəcəcyik. Bunu bacarsaq, özümüzdən aşağıdakı rəqiblərdən istənilən halda, uzaqlaşacayıq. 

- Komandada Vurğun Hüseynov kimi təcrübəli futbolçu olsa da, hələ ki, onun xidmətindən istifadə etmirsiniz. Sanki daha çox baş məşqçinin köməkçisi kimi ehtiyatda oturur...

- Vurğunun oynamaqla bağlı heç bir problemi yoxdur, hər tur onunla da söhbətimiz olur, durumu ilə maraqlanırıq. Sadəcə, indiki halda düşünürük ki, Vurğun daha çox təcrübəli futbolçu kimi komandanın içində olmalıdır. O da sağ olsun, bu işin öhdəsindən gəlir. Mən "Zirə"də işləyəndə orda da Rəşad Abdullayev var idi. Elə də çox oynamırdı, amma lider kimi komandanın içində idi. Vurğuna inamımız böyükdü. Bizi irəlidə ağır oyunlar gözləyir və Vurğunun təcrübəsi bizə çox kömək edəcək.

- "Səbail"də o qədər də oynamaq şansı qazanmayan Amil Yunanovu da komandaya böyük ümidlərlə gətirmisiniz. "Araz Naxçıvan"la oyunda da sonradan oyuna çıxmasına baxmayaraq, çox vacib qola imza atdı. Yəqin ki, bu qol ona da əlavə motivasiya verəcək...

- Mən rəhbərliklə görüşdə Amil söhbətini açanda onun "Sumqayıt"dakı oyunlarına da nəzər saldım. Bu futbolçuya güvən vermək lazımdır. Bunu da futbolçu özü qazanacaq. Mən futbolçu kimi onu daha yüksəklərdə görmək istəyirəm.

- Yeni transfer məsələsi hələ də aktualdı, yoxsa bu məsələni bağlamısınız?

- "Araz Naxçıvan"la oyunda fikir verdinizsə, Papunaşvili, Kvirkiya, Xvalka kimi futbolçular yox idi. Amma elə komanda qurmaq istəyirik ki, fərdlərdən asılı olmasın. Yəni hansısa futbolçu olmayanda onun boşluğu hiss olunmasın. Bu mənada az oynamaq şansı qazanan futbolçuları da fikirləşirik və onları da daim diqqətdə saxlayırıq. Eyni zamanda Gəncədən olan gənc futbolçuları da düşünürük. Bu gün Cavada çox güvənirik. Həmçinin U-21 millisində də oynamış Mahirə. Bundan başqa, aşağı komandadan gətirdiyimiz Fərid Kələntərov var hansı ki, gələcəkdə "10 nömrə" mövqeyində oynamağa layiq bir futbolçudur. Əvəzedici komandamızda stopper var, Arzu, gələcək üçün onu da düşünürük. 

- Növbəti mövsüm üçün komandaya sponsor tapılsa və hədəflər böyüsə, bu futbolçuların əsas komandaya cəlb olunması yenə gündəmdə qalacaq?

- Sponsorun gəlişi həmin futbolçuların da xeyirinə olacaq. Çünk bu zaman hədəflər böyüsə, heyətdə daha güclü, daha təcrübəli futbolçular olsa, o zaman həmin gənc futbolçular da həmin güclü, təcrübəli futbolçuların yanında daha çox inkişaf edəcək. Ola bilsin çox oynamaq şansı qazanmasınlar. aa böyük tərübə qazanacaqlar.

- Qışdan sonrakı üç oyunun ikisində qələbə qazanmısınız. Maraqlıdır, bu qələbələrə görə mükafat olacaq?

- Bilirsiniz ki, bizim komandanın maddi durumu o qədər də yaxşı deyil. Amma rəhbərlik sağ olsun, imkanlar daxilində bütün oyunlara mükafat qoyur. Udduğumuz oyunların da hamısının mükafatını almışıq. Yalnız "Turan Tovuz"la qələbənin mükafatı qalıb, onu da "Səbail"lə oyuna kimi alacayıq.

- Ev oyunlarını Qəbələdə oynamağın komanda üçün müsbət məqam olduğunu demək olar? O mənada ki, Gəncədəki məlum təzyiqlərdən uzaqsınız, futbolçular meydançaya daha rahat çıxır...

- Mən sizə deyim ki, biz məşqlərimizi Gəncədə keçirik və həmin məşqlərə də kifayət qədər azarkeş gəlir.

- Mən azarkeşləri yox, bəzi futbol veteranlarını nəzərdə tuturam. Hansı ki, sizdən əvvəlki baş məşqçilərə daim təzyiq edirdilər...

- Gəncəli futbol veteranları ilə də davamlı görüşürük, söhbət edirik. Hamısı ilə münasibətimiz var, hamısı ilə futbol oynamışıq. Şükür Allaha hamısı futbolun içindən çıxıb, problemləri də gözəl bilirlər. Biz də ilk növbədə onlardan kömək istədik. Onlar da sağ olsunlar, bacardıqları qədər dəstək olmağa çalışırlar. Tənqid eləmək asandı, kömək eləmək çətin. Hamısı başa düşür ki, "Kəpəz" Premyer Liqada qalmalıdı. 

- O zaman demək olar ki, Gəncənin futbol veteranları Adil Şükürovu qəbul edir.

- Sağ olsunlar, bu da onların böyüklüyüdür. 

 

Anar XANLAROV