I Liqada "İrəvan"dan başqa daha bir komanda çıxış edir ki, adının əhəmiyyəti çox böyük və məsuliyyətlidir. Söhbət "Difai"dən gedir. Lakin təəssüf ki, bu komanda da "İrəvan" kimi adının məsuliyyətini dərk edə, doğurulda bilmir.

 

Belə ki, komanda geridə qalan 6 turda cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Azərbaycanın tarixi təşkilatın adını daşıyan bir komandanın istər rəhbərliyi, istərsə də futbolçuları, bunun məsuliyyətini dərk etməlidir. "Difai" bu gün sonuncu pillədə qərarlaşmalı deyil, bu adın yeri zirvə olmalıdır. Komanda Ağsuya köç etsə də, ağsuluların da rəğbətini qazana bilmədi. Yerli əhali heç cür bu komandanı doğma hesab edə bilmir və komanda ev oyunları boş tribunalar önündə keçir.

 

Deyilənə görə. uğursuzluqlardan sonra baş məşqçi Paşa Əliyev postundan uzaqlaşdırılıb. Hətta klubdaxili iclas da keçirilib. Hər halda, ümid edirik ki, qısa zamanda vəziyyət müsbətə doğru dəyişəcək. Bir daha təkrar edirik, "Difai" adının yeri turnir cədvəlinin zirzəmisi yox, zirvəsidi!

 

Anar XANLAROV