Futbolumuzun hazırkı bərbad durumu ilə bağlı AFFA-nın fəaliyyətini nə qədər tənqid etsək də, arada pozitiv xəbərlərə də rast gəlirik.

Rekord.az xəbər verir ki, belə xəbərlərdən biri də AFFA-nın aşağı yaş millilərimizin və "Kəpəz"in futbolçusu Ümid Səmədova sahib çıxmasıdır.

18 yaşlı Ümid istedadlı və perspektivli futbolçulardandı. 1 ay əvvəl səhhətində ciddi problem yaranan Ümid futboldan uzaq düşüb. Bu barədə hələ ötən ay Ümidin atası İlham Səmədovdan məlumat almışdıq.

Dünən ata Səmədovla bir daha əlaqə saxlayıb Ümidin səhhəti, müalicəsi ilə maraqlandıq. İlham müəllim vəziyyətin yaxşılığa doğru getdiyini söyləsə də..:

"Aprelin 3-də "Sumqayıt" - “Kəpəz” oyunundan sonra Ümidin üzü şişməyə başladı. Komandanın həkimlərinin məsləhəti ilə yerli xəstəxanalara müraciət etdik, müəyyən analizlər götürdülər və oğlum xəstəxana şəraitində müalicə almağa başladı. Hətta bir neçə gün reanimasiyada yatdı. Hansısa irəliləyiş yox idi. Aprelin ortalarında AFFA-nın həkimləri maraqlandı və onların təkidi ilə Ümidi Bakıya təkrar müayinə apardıq. Bakıdakı klinikaların birində verdiyimiz analizlərdən və ətraflı müayinədən sonra böyrəklərində problem olduğu üzə çıxdı. Hazırda müalicəsini davam etdirir, səhhəti yavaş-yavaş normaya düşür. Təəssüf ki, müalicə uzunmüddətli olacaq. Bu üzdən də həkimlər Ümidin futbol oynamasına 6 ay qadağa qoyublar".

İlham Səmədov oğlunun müalicəsində göstərdiyi dəstəyə görə AFFA rəhbərliyinə və əməyi keçənlərin hər birinə minnətdarlığını bildirdi: "Müalicə xeyli xərc aparırdı. Sonrası necə olacaqdı, bilinmirdi. Belə çətin vəziyyətdə AFFA-nın işə qarışması yerinə düşdü. İcraçı vitse-prezident Elxan Məmmədov Ümidin müalicəsi ilə şəxsən maraqlanır. Bir neçə dəfə "Kəpəz" rəhbərliyi ilə əlaqə saxlayıb, vəziyyətdən xəbərdar olub, müalicə üçün nə lazımdırsa, görülməsini tapşırıb. Bu günə kimi çəkilən bütün xərcləri AFFA qarşılayıb. Hətta Bakıya gedənə kimi Gəncədə çəkdiyimiz xərclərin də demək olar ki, hamısını qaytarıb. Ümid təkcə mənim oğlum deyil, eyni zamanda millinin, "Kəpəz"in futbolçusudur. Futbolçusuna qayğı ilə yanaşdığına görə bir ata kimi AFFA rəhbərliyinə, millinin həkimlərinə, "Kəpəz"in icraçı direktoru İlqar Nadirliyə, baş məşqçi Yaşar Vahabzadəyə, ümumiyyətlə, əməyi keçənlərin hər birinə minnətdarlığımı bildirirəm".

İlham Səmədov Gəncə futbolunda tanınan simalardandır. Gəncədə uşaq futbolunda məşqçi kimi çalışır.

Böyük oğlu Əli Səmədov "Kəpəz"in kapitanıdır. Ümid isə, dəfələrlə aşağı yaş millilərimizin, o cümlədən U-21 yığmamızın düşərgəsinə dəvət alıb. Eyni zamanda "Kəpəz"in əsas heyət üzvüdür.

İ.TAĞIYEV