AFFA-da Şenol Güneşlə görüş
- 05 Dek 2019 22:42
- 1044
Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə milli komandasının baş məqşçisi Şenol Güneş və komandanın meneceri Hüseyn Coşkun bu gün Bakıya işgüzar səfərə gəlib.
Rekord.az xəbər verir ki, səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.
Bu gün həmçinin AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş arasında görüş baş tutub.
Görüş zamanı Türkiyə milli komandasının AÇ-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib. Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacaq. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.
Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Güneş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.
Xatırladaq ki, AÇ-2020-nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.