Millimizin sabiq futbolçusu Ramal Hüseynovdan çoxdandı səs-səmir yox idi. Bir müddət Türkiyədə karyerasını davam etdirən təcrübəli futbolçu hazırda Azərbaycandadı. Türkiyədən qayıdandan sonra hələ də özünə komanda tapa bilməyən Ramalla söhbətləşməyi qərara aldıq. Rekord.az xəbər verir ki, futbolçu sport7.az-a müsahibəsində həm gələcək planlarından danışdı, həm də bir sıra maraqlı məqamlara toxundu.

 

- Ramal, çoxdandı səndən səs-səmir yox idi. Haralardasan, nə işlə məşğulsan?

 

- Heç bir işlə məşğul olmuram. Nə təklif, maraqlanan var, nə də iş.

 

- Bir ara Türkiyəyə getmişdin, orada futbol oynayırdın...

 

- Bəli, amma legioner limiti ilə bağlı qərar qəbul etdilər. Azərbaycanlı futbolçuları da legionerlər sırasına saldılar. Yəni buradan gedənlər də artıq legioner sayılır. Ona görə də qayıtmaq məcburiyyətində qaldım. Bir ildən çoxdu ki, Azərbaycandayam. Qayıtmaq istəyirdim, amma karantin olduğu üçün, gedə bilmədim. 

 

 

- Sənə maraq göstərilməməsini nə ilə əlaqələndirmək mümkündü?

 

- Guya, 5 il əvvəl maraq var idi ki, indi də olsun? Bizimkilər yanlarında düzgün adam olmasını istəmirlər. Sərf etmir deyə məni uzaqlaşdırdılar. Bunların öz bandası var, mafiyadılar. Açığı, Birinci Diviziondan maraq var idi. Amma orada oynamaq istəmədim. Türkiyəyə yollanmazdan əvvəl "Keşlə” dəvət etmişdi. Ancaq xaricə getmək istədiyim üçün təklifdən imtina etdim. Azərbaycanda qalıb oynamaq fikrim yox idi, bəlkə məşqçi kimi çalışa bilərdim. Sonradan ortaya pandemiya çıxdı, məsələ açıq qaldı. Sonradan uşaq futbolu ilə bağlı bəzi klublarla görüşlərim oldu. "Sağ olsunlar”, elə münasibət göstərdilər ki, sanki Azərbaycanda futbol oynamamışam. AFFA necə işləyir, bunlar da elədi. Bir halda ki, bunlar doğulduğum yeri belə düzgün bilmirlər, daha nə gözləyim? AFFA-dan kateqoriya veriləndə doğulduğum yer Türkiyə kimi qeyd olunmuşdu. Ümumiyyətlə, AFFA-da futbolçunu tanımırlarsa, ora nəyə görə assosiasiya adlanır bilmirəm.

 

- İndidən sonra Azərbaycanda oynamaq fikrin var, yoxsa məşqçiliyə başlamağı düşünürsən?

 

- Oynamaq fikrindəyəm. Açığı məşqçilik etməyi də düşünürəm. Bir neçə komanda ilə görüşlərim oldu. Elə cavablar aldım ki, Azərbaycanda futbol oynamağa nifrət etdim. Səbəb kimi bilirsiz nə göstərirdilər? Deyirdilər ki, "gözlə zənglə, tapşırıqla gələnlər işdən çıxsın, sonra səni çağırarıq”. Onlara dedim ki, Azərbaycan futbolunu Avropada mən tanıtmışam. Araşdırın görün kiməm, necə oynamışam. Cavab verdilər ki, "hamısını bilirik, ancaq gözlə çağıracağıq”. 

 

- Hansı klublarla görüşmüşdün?

 

- Görüşmədiyim klub oldu ki? Klublardan birinə getdim, dedilər ki, "institut diplomun yoxdu”. Soruşdum ki, "kim institut bitirbsə gəlib burada məşqçi işləyə bilər?" Cavab verdilər ki, "bəli”. Bundan sonra heç nə demədim, sağollaşıb ayrıldım. Görün, futbolumuz nə günə qalıb. Daha bu qədər də yox.

 

 

 

- Kateqoriyalarla bağlı kurslarda oxumusan?

 

- "C” kateqoriyasını almışam. Onu da vermək istəmirdilər. Əsas millidə oynadığım üçün məcbur olub verdilər. Bunlara yaltaq adam lazımdı. Keçən dəfə radioda danışanda bunları bir qədər "sıxdım”. Milli ilə bağlı sual verdilər. Dedim futbolçularımız necədisə, milli də elədi. Bu gün xaricdən o məşqçini gətirmisən. İllik maaşı nə qədərdi? Üstəlik yanında da 4 köməkçisi. İllik 4,5 milyon pul edir. Bu pulu uşaq futboluna xərcləsələr, yaxşı futbolçular yetişdirə bilərlər. Bəs o halda sən nə üçün gedib oradan-buradan futbolçu axtarırsan? Mən Azərbaycan futbolunda baş verən hər şeydən xəbərdaram. Öz adamlarını yanlarına yığıblar, nə istəyirlər onu da edirlər. İnşallah mətbaut konfransı keçirmək istəyirəm. Nə varsa hamısını orada deyəcəyəm. Hansı məşqçiyə nə sözü verib, hara göndərdiklərini deyəcəyəm. Guya kimisə böyük məşqçi, ya da futbolçu ediblər. Hamısı öz əllərindədi. Deyirlər ki, "futbolumuzu Rövnəq Abdullayevlə Elxan Məmmədov pis günə salıb”. Rövnəq Abdullayevin futbol biliyi var ki? Bu adam ancaq pul buraxır. Elxan Məmmədov da onun kimi. Amma işi bilənlər gizləniblər. Ramin Musayev hardadı? Niyə çıxmır ortaya? Çempionatı təşkil edən odu də. Bunlar niyə danışmırlar? Çempionatın niyə 8 komandalı olduğunu demirlər? Vaqif Sadıqov, Şahin Diniyev, Ağasəlim Mircavadov, Şakir Qəribov, elə Kazbek Tuayevin özü niyə səslərini çıxarmır? Çünki sərf etmir. Maaşlarını alırlar, səslərini kəsirlər. Bir ara millidə baş məşqçi olmaq üstündə dava-qırğın idi. Hamısı deyirdi ki, "Bizdən yaxşısı yoxdu, amma klublarda legioner çalışdırırlar”. De Byazinin 60-dan çox yaşı var. İndi niyə dava etmirlər. Vallah bunlara futbol deyil, pul lazımdı. Birinin səsi çıxmır. Kazbekin müsahibəsini oxudum, şəxsən utandım. Ölüb yerə girmirsən sən? 5 manata görə, deyirsən ki, "məşqçi nə etsin, komanda 1 xal yığıb”. Belə müsahibə olar?

 

- Ümumiyyətlə, məğlubiyyətdən sonra hər kəs yaxasını kənara çəkir, bütün günahlar komandanın üstünə atılır. Həqiqətən komanda bərbaddı?

 

- Komanda bərbad olacaq da, ürəkləri kimi istəyirsə gətirirlər. "Kocaelispor”da oynayanda Superliqada qol da vurmuşdum. Ancaq məni milliyə çağırmadılar. Bunda bəzi adamların əli var idi. Məni uzaqlaşdırmaq istəyirdilər. Əvəzində Almaniyanın 4-cü liqasından futbolçu gətirmişdilər. İndi millimizə baxın, kimlər var? 8 komandalı çempionatdan heç nə gözləməyin. İndi gedib təzə oyunçu tapıb gətiriblər. Niyə onlara pul verirsiz ki? Kimin "gözündən pərdə asmağa” çalışırsan? Futbolu bilməyənlərin "gözündən pərdə asa" bilərsiz. Amma mən bilirəm axı. Ona görə bunlara Ramal sərf etmir. Kimə iş verirlərsə danışmır. Ancaq bilirlər ki, mənə pul da versələr düzünü danışacağam. İşim olsun ya olmasın, həmişə düzünü deyəcəyəm.

 

- Yeri gəlmişkən, millidən bu tsikldə nə gözləyirsən?

 

- Bizim vaxtımızda yaxşı komanda vardı. Düzdü, demirəm ki, "dağıtmışıq”, "sökmüşük”, böyük uğur qazanmışıq. Ancaq o vaxt futbol oynayırdıq. İkincisi, biz kimlərə qarşı oynayırdıq? İsveç, Almaniya, İtaliya… Del Pyero, Totti var idi. İndi kim var? Avropada da normal futbolçu yoxdu. Bunlara qarşı da oynaya bilmirlərsə… Bu gün bizim çempionatdakı futbolçuların əksəriyyəti 19 yaşlılardan ibarət komandanın üzvləridi. Gənclərdən əsas milliyə dəvət alan yoxdu. Amma Avropada 19 yaşlılar Çempionlar Liqasında, dünya çempionatında oynayırlar. Bizimkilər onlara qarşı nə edə bilər? Heç nə. Ən önəmlisi uşaq futboludu, akademiyalardı. "Altyapı”dan neçə ildi bir futbolçu yetişib çıxmayıb. Bu gün çempionatda Tovuzun, Gəncənin, Zaqatalanın, İmişlinin və digər bölgələrin komandaları oynamırsa siz heç nə gözləməyin. Mümkün deyil. Çünki Azərbaycan futbolunda məktəblər o bölgələrdə olub. Uşaq komandalarının məşqlərini izləyirəm. Onlara məşq keçənlərin heç birini tanımıram. Nə vaxt futbol oynayıblar, məşqçi olublar? Əksəriyyəti tapşırıqla gəlib. Bu gün millimizin sabiq futbolçusu Ramazan Abbasov taksi sürürsə, daha deyəcək başqa söz yoxdu. 

 

- Azərbaycan çempionatını izləyirsən?

 

- İnanırsız marağım yoxdu. Futboldan iyrənmək, nifrət etmək istəyirsənsə Azərbaycan çempionatını izlə. Başlayandan 15 dəqiqə sonra bilirsən ki, nə var nə yox. Bizdə futbol yoxdu, "oyun” gedir. Baxın, sizə deyirəm, "Qarabağ”ı çempion edəcəklər. Hazırda "Neftçi” ilə eyni xalları var. Mövsümün sonunda "Qarabağ” "Neftçi”ni 1 xal da olsa keçəcək və çempionluğu qeyd edəcək. İkinci yeri "Neftçi”yə verəcəklər. Üçüncü yer "Sumqayıt”ındı. Kubok da 100 faiz "Zirə”nin olacaq. Bunları çox ediblər, özləri yaxşı bilirlər. Məşqçi vardı, ona söz vermişdilər ki, "filan komandanı götürsən, kubok sənindi”. Belə şeylər var. Yəni, heç bir dəyişiklik yoxdu. Kimisə böyük məşqçi və ya futbolçu etməklə deyil. Mən öz gücümə futbol oynamışam.

 

- Karyeranla bağlı planların necədi?

 

- Burda qalıb işləmək istəyirəm. Türkiyədə bizimkiləri legioner kimi qəbul etməsələr, qayıdacağam. Orada vəziyyət Azərbaycandan 5 dəfə yaxşıdı. Təsəvvür edin, 2-3-cü liqalarda oynayırdım. Buna baxmayaraq komandamızın 20-25 min azarkeşi vardı. Şərait də yüksək səviyyədədi. İnandırım sizi, Türkiyədə oynadığım komandanın bazası, "Neftçi”ninkindən, "Qarabağ”ınkından daha yaxşı idi. Bundan başqa təkcə Qaradəniz bölgəsində 75 komanda, ayrıca çempionatı vardı. İndi siz Egeni və digər bölgələri də düşünün. Onlar ağıllıdılar. Niyə legioner limiti qoydular? Öz futbolçuları oynasın deyə. Azərbaycan dünyada yeganə ölkədi ki, idmançıya bir günün, 1 saatın içində vətəndaşlıq verirlər. Halbuki 5 il Türkiyədə oynadım, mənə dedilər ki, "hələ gözlə”. Gözləyirəm, bayramdan sonra yaxşı xəbər olmalıdı. Ola bilər futbolçu kimi hansısa kluba gedim. 

 

- Fiziki durumun necədi? Hansı formadasan?

 

- Fiziki durumum yaxşıdı. İndi oynasam heç kimdən seçilmərəm. Azərbaycanda oynamaq üçün yaş, fiziki durum problemi yoxdu. Hiss olunmur, çünki temp yoxdu. Gənclərə baxırsan, sanki mənlə yaşıddılar. Nə mübarizə, istək, nə də temp var. Fikirləşirlər ki, 90 dəqiqə bitsin, çıxıb getsinlər. Ona görə millimiz də elədi. Futbolçular meydana elə çıxırlar ki, sanki rekama çəkilirlər. Elxan Məmmədovdu, Rövnəq müəllimdi, futbol adamları olmadıqları üçün işləmirlər. Ona görə də söyülürlər. AFFA-da oturan veteranlar da onların dediyini deyir. Bu gün həmin veteranlardan kimsə çıxıb demir ki, "8 komanda nədi? Belə irəliləyiş olmaz”. Niyə desinlər ki? Pulları karta oturdulur, əlləri, ayaqları təmiz işə gedib-gəlirlər. Onlara kiminsə oynayıb - oynamaması lazım deyil. Gürcüstana da baxın. Federasiyada işləyənlər hamısı sabiq futbolçulardı. Ona görə də hər il ən azı 1000 nəfər Avropaya göndərirlər. Bizim də bədbəxtçiliyimiz budu. Azərbaycan da yapışıb Mahir Emrelidən. Hələ də onun oynadığı futbolu, nə istədiyini anlamıram. Bombardirdi? İnandırım sizi, Qurban müəllim başqa bir gənc futbolçuya Mahir qədər dəstək versəydi, ondan da çox qol vurardı, xeyir verərdi. Yazırlar ki, "Mahiri filan komanda istəyir”. Bəsdirin də yalandan reklam etdiz? İstəyən rəsmi təklif göndərir. "Fənərbağça” və "Beşiktaş”la adı yanaşı çəkilir. Onu reklam edən jurnalistlərdə də günah var. Siz oturun bir "Fənərbağça”nın, "Beşiktaş”ın heyətinə baxın görün kimlər oynayır? Mahir onların heç B komandasında oynaya bilməz, qaldı ki, əsas heyət olsun. Gül kimi Emil Balayev qalıb kənarda, Şahruddini gətiriblər. Emilin oyunundan xoşum gəlir. Amma onu Azərbaycana gətirib bədbəxt etdilər. Yığmada da yaxşı çıxış edirdi. Lakin məhv etdilər. Mən bilirəm onu necə məhv etdilər. Həm də bunu özümüzünkülər etdi. "Qarabağ”da niyə oynatmadılar? Millinin əsas qapıçısı idi. Şahruddin hara, Emil hara. Onu "sındırdılar” ki, oynamasın. Futbol elə işdi ki, ciddi adamlar olmalıdı. Ancaq belə inkişaf edə bilər.

 

- Nəyə ümid etmək olar?

 

- Neçə ildi ümid edirik, düzəlmir ki, düzəlmir. Elxan müəllim ətrafındakılarla birlikdə getməlidi. İşini bilməyən adam niyə oturub ki orada? Azərbaycanda futbolu biznesə çeviriblər. AFFA kökündən dəyişilməlidi. Orada müftə yeyən veteranlar bir dəfə ağzın açıb demir ki, niyə bizim uşaq futbolu bu gündədi? Susurlar, ona görə də hamısı getməlidi.