"AFFA-dan adi forma xahiş etdik, onu belə, vermədilər"
- 13:00
- 51
Bildiyiniz kimi, ötən həftə Tovuzda "Turan"la "Kəpəz" veteranları arasında "Turan"ın avrokuboklardakı çıxışının 30 illiyi şərəfinə yoldaşlıq görüşü təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirdə AFFA-dan heç kimin olmaması diqqət çəkdi.
Məsələ ilə bağlı tədbirin təşkilat komitəsinin sədri, "Turan"ın sabiq vitse-prezidenti Yaşar Sultanovun fikirlərini öyrəndik. Yaşar bəy sualımızı belə cavablandırdı: "Açığı hələ yayda bu ideya ağlımıza gələndə düşünürdük ki, Gənclər və İdman Nazirliyindən, eləcə də AFFA-dan da diqqət olar. Çünki bu oyun Azərbaycan futbolunun tarixi idi. Lakin təəssüf ki, heç bir diqqət, dəstək olmadı. Heç tədbirdə iştirak da etmədilər. Hətta veteran futbolçu Oqtay Abdullayevin vasitəsi ilə AFFA-dan xahiş etdik ki, heç olmasa, bu oyun üçün forma məsələsində dəstək olsunlar, amma onu belə, vermədilər".
Oyunda diqqət çəkən məqamlardan biri də vaxtı ilə "Kəpəz" və "Turan"da oynamış tanınmış futbolçular Mahmud Qurbanov, Xaliq Mərdanov, Faiq Cabbarov, Novruz Əzimov, Vəli Hüseynov, Məqsəd Yaqubəliyev, Hüseynqulu Quliyev, Azad Mütəllimovun sözügedən oyunda olmaması idi. Sultanovdan bu məsələyə də aydınlıq gətirməsini xahiş etdik: "Açığı, "Kəpəz" komandası ilə bağlı məsələyə münasibət bildirməyim düzgün olmaz, çünki biz fərd olaraq yox, ümumi "Kəpəz" veteranları adından Tofiq Məmmədova müraciət etmişdik. Gəncəli veteranları Tofiq müəllimlə Foruz Qulami toplamışdı. Adlarını çəkdiyiniz futbolçular hamısı tanınan, hörmətli futbolçulart olub. Görünür, gəlməmələri üçün ciddi səbəb olub. O ki qaldı "Turan"da oynamış futbolçulara, Məqsəd Yaqubəliyevlə, Vəli Hüseynov Tovuzda idi. Vəli bildiyiniz kimi, ürəyindən ciddi əməliyat keçrib, ola bilsin, oynamaması bununla bağlı idi. Azad Mütəllimova da dəbət göndərmişdik, o, da mənmuniyyətləı gələcəyini demişdi. Lakin son anda səhv etmirəmsə ölkə xaricinə yollanmalı olduğu üçün qatıla bilmədi, zəng edib təəssüf vbə üzrxahlığını elədi".