Veteran futbolçumuz, Azərbaycan futbolunda öz oyunu ilə azarkeşlərin ürəyinə yola tapan, "Neftçi"nin canlı əfsanələrindən olan Səmədağa Şıxlarov bu gün ağır əməliyyat keçirib. İlk növbədə ona Allahdan şəfa arzulayaq. 

Bildiyiniz kimi, AFFA çoxsaylı tənqidlərdən sonra Səmədağa müəllimin əməliyyatına kömək edəcəyinə söz vermişdi. Məlumat üçün deyək ki, veteran futbolçumuz bundan əvvəl 5 əməliyyat keçirmiş və AFFA heç birində ona kömək etməmişdi. Bu dəfə guya kömək edəcəkdilər.

Rekord.az xəbər verir ki, hətta onu AFFA-ya çağırıb ərizə də yazdırmışdılar.

Sonra xəstəxanadan əməliyyat üçün tələb olunan məbləğlə bağlı rəsmi kağız da istəmişdilər. Qeyd edək ki, əməliyyat üçün hardasa 6-6,5 min manat tələb olunurdu. Elə də böyük məbləğ də deyildi. Lippertin 10 günlük maaşı. Amma...

Əməliyyata bir neçə gün qalmış federasiyadan deyiblər ki əməliyat üçün pul yoxdur. Təsəvvür edin, lazımsız layihələrə, lazımsız əcnəbilərə milyonlar xərcləyən AFFA Səmədağa müəllimə vermək üçün 6 min manat tapmayıb. Daha doğrusu, qıymayıb. Son anda Səmədağa müəllim ailəsinin qohumların dost-tanışın çətinliklə topladığı pulla əməliyyata girib.