Ötən gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Kəpəz"lə "Turan Tovuz"un Premyer Liqaya gəlişinin mümkünlüyündən danışması şübhəsiz adıçəkilən komandaların fanatlarının sevincinə səbəb oldu. Ancaq təbii ki, bununla bağlı hələ konkret qərar yoxdu. Buna baxmayaraq həm gəncəli həm də tovuzluların ümidləri böyükdü. Bəs məsələ ilə bağlı klublara hansısa məlumatlar verilibmi? 

 

Rekord.az xəbər verir ki "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev sport7.az-a açıqlamasında sualı belə cavablandırdı: "Ramin Musayevin açıqlamasını biz də ancaq televeziya və mətbuatdan eşitmişik. Təbii ki, həm klub rəsmisi həm də gəncəli azarkeş olaraq buna sevindim. Gəncə futbolu üçün böyük yenilik olar. Ancaq bununla bağlı kluba heç bir rəsmi informasiya daxil olmayıb. Deyilməsi də bilmirəm nə dərəcədə inandırıcı olar. 

 

"Kəpəz" həmişə Premyer Liqada oynayıb, oranı özünə layiq bilib. Klubda istər futbolçular, məşqçilər, istərsə də digər rəsmilər olsun, görüşəndə həmişə Premyer Liqa haqda danışmışıq, oranı arzulamışıq. Bu müzakirələr dar çevrədə həmişə olub. Ancaq biz istəməklə deyil ki. Hər şeyin öz qayda-qanunu var"