İyulun 9-da və 15-də AFFA ilə PFL birlikdə Premyer Liqa, Əvəzediciliər, 1-ci və 2-ci Liqa klublarının nümayəndələri ilə 2024/2025-ci illər mövsümündə komandaların qeydiyyatı ilə bağlı “Microsoft Teams” vasitəsilə görüş keçirib.

Rekord.az xəbər verir ki, görüşdə klublara cari mövsümdən başlayaraq iştirak edəcəkləri yarışlarda qeydiyyatlarını “Futbola Qoşul / FİFA Connect” onlayn qeydiyyat platforması vasitəsilə həyata keçirəcəkləri barədə məlumat çatdırılıb.

Təkmilləşmiş vahid qeydiyyatın aparılması məlumat itkisinin və klubların qeydiyyat prosesini iki dəfə etmələrinin qarşısını almaq məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, AFFA tərəfindən 2016/2017-ci illər mövsümündən başlayaraq “Futbola Qoşul / FİFA Connect” onlayn qeydiyyat platforması tətbiq olunub. “Futbola Qoşul” onlayn qeydiyyat platforması vasitəsilə yarışlara qatılan hər bir klub (PFL yarışları istisna) qeydiyyatını özü onlayn olaraq həyata keçirib. 2024/2025-ci illər mövsümündən etibarən isə PFL tərəfindən keçirilən yarışlarda iştirak edən komandalar ilkin olaraq “Futbola Qoşul / FİFA Connect” qeydiyyat platformasından yararlanacaqlar.