AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Xorvatiya mətbuatının "Qarabağ"ın futbolçusu Filip Ozobiçin bu ilin sentyabr ayından etibarən Azərbaycan millisində çıxış edəcəyi ilə bağlı yaydığı xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, qol.az-a açıqlamasında deyib ki, 30 yaşlı yarımmüdafiəçi ilə bağlı AFFA tərəfindən hələ ki FİFA-ya müraciət ünvanlanmayıb: "Çünki Azərbaycan millisində çıxış etməsi üçün o, ölkəmizdə fasiləsiz 5 il olmalıdır. Bu müddətin də tamam olmasına hələ bir neçə həftə vaxt qalır".

F.Abdulla Ozobiçin milliləşdirilməsi ilə bağlı AFFA tərəfindən müəyyən hazırlıq işləri görüldüyünü vurğulayıb: "Çünki baş məşqçi Canni de Byazi onu milli komandada görmək istəyir. Tam vaxt tamamlandıqdan sonra FİFA-ya rəsmi müraciət göndərəcəyik".

Qeyd edək ki, Ozobiç ölkəmizdə "Qəbələ"də də çıxış edib (2016-2018). 2018-ci ildə "Qarabağ"a transfer olunan oyunçunun Ağdam təmsilçisi ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.