Bu yaxınlarda "Turan" klubunun avrokuboklardakı çıxışının 30 illiyi şərəfinə "Turan"ın veteranları ilə "Kəpəz"in veteranları arasında yoldaşlıq görüşü keçirilmişdi. Oyunu və sözügedən yubileylə bağlı tədbirin təşkilatçıları AFFA-nın biganəliyindən gileylənmişdi. Rekord.az-a açıqlama verən tədbirin təşkilat komitəsinin sədri Yaşar Sultanov hətta bildirmişdi ki, adi forma üçün federasiyaya müraciət olunsa da, onların bu istəyi də yerə salınmışdı. Tədbirin üstündən bir qədər vaxt keçsə də, məsələyə AFFA-nın da mövqeyini öyrənməyi lazım bildik. Federasiyanın mətbuat katibi Elnur Məmmədli sualımıza qısa və konkret cavab verdi: "Sözügedən tədbirdə iştirakla bağlı AFFA-ya rəsmi müraciət, dəvət daxil olmamışdı. Təşkilatçılar tərəfindən belə bir dəvət olsaydı, AFFA nümayəndələri məmnuniyyətlə bu tədbirdə iştirak edərdilər".