Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, seçmə mərhələ başa çatandan sonra 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Daha sonra İK bu məsələni müzakirə edəcək. Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. Hələlik müqaviləsi var və sözləşməsinə uyğun olaraq millinin baş məşqçisi kimi fəaliyyətini davam etdirir".

AFFA rəsmisi De Byazinin Kosovo yığmasının sükanı arxasına keçmək istəməsi ilə bağlı yayılan xəbərə də münasibət bildirib: "De Byazi mənimlə əlaqə saxlayaraq dedi ki, heç bir mətbu orqana orada göstərilən şəkildə açıqlama verməyib və Kosovo Futbol Federasiyasından onunla heç kim əlaqə saxlamayıb, bu söhbətin haradan qaynaqlandığı ilə bağlı təsəvvürü yoxdur. Yəni, xarici mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Heç kimə elə sözlər demədiyini söylədi". (Report)

Qeyd edək ki, "İndeksonline" nəşri Canni De Byazinin Kosovo yığmasının sükanı arxasına keçmək istədiyini yazıb. Onun Azərbaycan millisi ilə müqaviləsinin müddəti DÇ-2022-nin seçmə mərhələsinin sonunda bitəcək.