AFFA hakimlərə 100 min manat verəcək
- 10 May 2020 17:00
- 749
Futbol yarışlarının təxirə salınmasına görə gözünü hakimlikdən gələn pula dikən insanların hansı durumda olduğunu deməyə ehtiyac yoxdur.
Rekord.az xəbər verir ki, aralarında başqa sahələrdə fəaliyyət göstərənlər olsa da, böyük əksəriyyətin dolanışığı əlindəki bayraqdan, ağzındakı fitdən və cibindəki vərəqələrdən çıxır.
Hər biri vergi ödəyicisi olduğuna görə, dövlət tərəfindən nəzərdə tutulan müavinəti almaq hüququna malikdilər.
Artıq pul köçürmələrinə start verilib, hətta başa çatmaq üzrədir. 250 alan kim, 400 alan kim, 700 alan kim. 2019-da ödədikləri verginin məbləğindən asılıdır.
Sportinfo.az xəbər verir ki, assosiasiya rəhbərliyi də hakimlərə, AFFA nümayəndələri və hakim-inspektorlara müəyyən mənada yardım etməyi nəzərdə tutub.
Artıq bunun üçün plan da hazırlanıb. Necə? Tutaq ki, Əliyar Ağayev hakimlikdə hər ay orta hesabla 1500 manat qazanırdı. Bu gün vergi ödəyicisi kimi aldığı, yaxud alacağı müavinət 700 manatdısa, qalan 800 manatı AFFA verəcək. Rəhimə də o cür, Raufa da, Rəvana da.
Bu gün Azərbaycan hakimliyində təxminən 260 nəfərin adı var. Bura Naxçıvandakı ədalət təmsilçiləri də aiddi. Daha 35-40 nəfər isə AFFA nümayəndəsi və hakim-inspketor kimi fəaliyyət göstərir.
Ümumi götürəndə 300 nəfərə yaxın edir. AFFA-nın yardım kimi verəcəyi pulun orta hesabla bir nəfərə 300-350 manat düşdüyünü nəzərə alsaq, assosiasiyanın xəzinəsindən bir ay üçün ayrılacaq məbləğin 100 min manat civarında olduğunu deyə bilərik.
Amma pullar hələ ki köçürülməyib. Çünki AFFA rəhbərliyi vergi ödəyiciləri üçün nəzərdə tutulan müavinətlərin ödənilib başa çatmasını gözləyir. Həmin 300-ə yaxın şəxsin tam siyahısı məlum olandan sonra futbol qurumu digər prosesə başlayacaq.
Yəni qalıq kimi kimə nə qədər pul düşməsi hesablanacaq. Odur ki, AFFA-nın indiyə qədər hakimlərə pandemiyaya görə maddi kömək göstərmədiyini deyə bilərik (Futbol+).