Rekord.az AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun müsahibəsini təqdim edir:

 

 

- Mövsümün ləğvi ilə bağlı qərar verilərkən daha çox hansı amillər nəzərə alındı?

- AFFA prezidenti Rövnəq Abdullayev, ilk növbədə, qeyd etdi ki, bu, tarixi iclasdır, indiyədək gündəlikdə olmayan, ağıla sığmayan məsələni müzakirə etməliyik. İclasda İcraiyyə Komitəsinin 13 üzvündən 12-si iştirak edirdi. Yalnız Fərid Mansurov üzrlü səbəbdən yox idi. Hazırda cənub bölgəmizdəki şəhərlərdən birində Olimpiya Kompleksinin açılışı ilə bağlı səfərdədir. Rövnəq Abdullayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadiyyat və ya insan həyatları dilemmasından, burada insan həyatını qorumağın vacibliyindən danışdı, qayğıya və görülmüş tədbirlərə görə ölkə başçısına minnətdarlığını bildirdi. Sonra Elxan Məmmədov xatırlatdı ki, UEFA avqustun əvvəlinədək bütün çempionatları bitirməyi tövsiyə edib. Klublar məşq edirdilər, təəssüf ki, son 2-3 həftə ərzində karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar həftə sonları idmançılara hazırlaşmağa icazə verilmədi. Belədə futbolçular cəmi 5 gün məşq edirdilər. Premyer Liqada 8 tur, kubokda isə yarımfinal və final oyunları qalmışdı.Kubok matçlarını birləşdirmək də olardı. Bu rejimdə çempionatı başa çatdırmaq ehtimalımız o qədər də yüksək deyildi. Futbolçular uzun müddət məşq etmədikləri üçün çox asanlıqla zədə alırlar. Sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və milli komandanın həkimi Vyaçeslav Xomenko çıxış etdilər. Bütün çıxışlarda əsas fikir mövcud reallıqla hesablaşmaq oldu. Hazırkı şəraitin mövsümün davam etdirilməsinə uyğun olmadığı vurğulandı. Sonra İcraiyyə Komitəsinin hər bir üzvü öz fikrini ifadə etdi. Yekunda səs çoxluğu ilə çempionatın dayandırılmasına qərar verildi. Rövnəq müəllim başda olmaqla, hər bir şəxsin səsi nəzərə alındı. Cəmi 1 nəfər yumşaq şəkildə çempionatın dayandırılmasının əleyhinə oldu. Bildirildi ki, turnir cədvəlindəki mövcud sıralama son nəticə kimi qəbul olunsun və UEFA-ya bu barədə məlumat verilsin.

- Həmin şəxs Firudin Qurbanov oldu?

- Xeyr, mən onu deyə bilmərəm. Sadəcə onu deyim ki, mən deyildim. Həmişə fərqli fikrimin, mövqeyimin olmasını xoşlayıram. Amma əfsuslar olsun ki, bu, o hal deyil. Təəssüflə qeyd etmək istərdim ki, mövcud reallıqda çempionatı davam etdirə bilməyəcəkdik. Halbuki 2-3 həftə öncə özüm Premyer Liqanın davam etdirilməsinin qəti tərəfdarı idim. İclasda bildirdim ki, məni futbol dünyasında ən çox təəccübləndirən Niderlandın qəbul etdiyi qərar oldu. Çempionatın sonuna az qalmış yarışı tamamilə oynanılmamış hesab etdilər və bütün nəticələr ləğv olundu. Avropa ölkəsi üçün belə kardinal qərar qəbul etmək tamamilə yolverilməzdir.

- Firudin Qurbanovun adını boşuna çəkmədik. O, çempionatın dayandırılmasına ən çox etiraz edən klubun - "Sabah"ın Müşahidə Şurasının üzvüdür. Onun mövqeyi maraqlı idi. İclasda "Sabah"ın mövqeyini ifadə etdi, ya yox?

- Xahiş edirəm, məndən söz almağa çalışmayın. Hamı lehinə səs verdi, yalnız bir nəfər yumşaq və arqumentli şəkildə əleyhinə oldu. Bunu başqa mənbələrdən öyrənə bilərsiniz, mən açıqlamaq istəmirəm. "Sabah"la bağlı yalnız onu deyə bilərəm ki, klubun bu cür bəyanatlarla çıxış etməsinə, istək göstərməsinə şadam. Bu, klubda vəziyyətin sağlam olduğunu göstərir.

- Demək olar ki, Gürcüstanda olursunuz, orada baş verən hadisələrdən məlumatlısınız. Bu ölkədə, eləcə də Ermənistanda çempionat davam edir...

- Proseslərdən xəbərdaram. Gürcüstanda Avropanın əksər ölkələrindən fərqli, çempionat payız-yaz yox, yaz-payız sistemi ilə keçirilir. Pandemiyaya elan olunanadək cəmi 2 tur oynanılmışdı və 34 tur qalmışdı. Gürcüstan Futbol Federasiyası belə qərar qəbul edib ki, çempionat mütləq başa çatdırılacaq. Amma 4 dövrə əvəzinə, 2 dövrə oynanılacaq. Yəni 10 klubun iştirakı ilə cəmi 18 tur olacaq. Çempionatı başa vurmaq üçün noyabrın sonunadək vaxtları var.

- Hər halda orada çempionat davam etdiriləcək...

- Hazırda davam etmir. Klublar hələ 14 günlük karantinə göndəriliblər. Məndə olan məlumata görə, karantindən iyunun 24-də çıxacaqlar. Yalnız bundan sonra çempionatı davam etmək imkanı olacaq. Bu çempionat gələn il üçün avrokuboklara yerləri müəyyənləşdirəcək. Ona görə də Gürcüstan təcrübəsi bizim üçün məlumatdaşıyıcı ola bilməz.

- Digər tərəfdən Ermənistanda da çempionat davam edir...

- Ermənistan özü bilər, mənlik deyil (gülür). FIFA-nın dünyada 211 üzvü varsa, mən Ermənistan təcrübəsini ən sonda nəzərə almaq istərdim.

- Azərbaycan çempionatı dayandırılsa da, klublara məşq etmək üçün icazə qüvvədə qaldı...

- Əlbəttə, məşq etməlidirlər. Çünki avqustda yeni mövsüm başlayacaq. Ümidvaram ki, həmin vaxtadək epidemioloji vəziyyət yaxşılaşacaq və komandalar Premyer Liqaya tam şəkildə başlaya biləcəklər. Bilirsiniz, heç kim məsuliyyəti öz üzərinə götürmək istəmədi. Məsələn, Rusiyanın "Rostov" klubunda 6 nəfər koronavirusa yoluxdu və komanda tam heyətlə karantinə göndərildi. Hətta klubun çempionatdan çıxarılması üçün çağırışlar var. Xomenkonun arayışı da çox dolğun oldu.

- Xomenko arayışında nə qeyd etmişdi?

- Azərbaycanda mövcud vəziyyəti nəzərə almışdı. Bir cədvəl var. Bizim həmin cədvəldə nəzərdə tutulan vaxtadək çempionatı başa çatdıra bilməyəcəyimizi bildirdi. Obyektiv məsələləri dilə gətirdi.

- Deyirdilər ki, həftə sonları sərt karantin rejimi tətbiq olunacaq. Amma bu həftə sonu üçün hələlik heç bir məlumat yoxdur. Bunu nəzərə alıb, iyunun 21-də çempionatı başlamaq olmazdı?

- Razılaşın ki, hər dəqiqə yeni qərar gözləyirik. Yəni karantin rejimi ilə bağlı qərar daha çox gözləniləndir, nəinki gözlənilməyən.

- Kublar Peşəkar Futbol Liqasının sorğusuna hansı cavabları vermişdilər?

- Klublarda böyük problemlər var: Oyunçularla bitmiş müqavilələr, onların uzadılması, sözləşmə üzrə maliyyə yükünü daşımaq öhdəlikləri, tam məşq edə bilməmək, maliyyə sıxıntıları... Pandemiya indiyədək görünməyən problemləri şişirtməklə qeyri-müəyyənlik yaradıb. Çox şadam ki, Azərbaycan Premyer Liqası dayandırılsa da, sevimli İngiltərə Premyer Liqam dünən bərpa olundu. Buna görə sevinirəm. Dünya futbolunun karantindən çıxmasına ümid edəcəyim ən böyük müjdə İngiltərə Premyer Liqasının bərpası idi. Bu da dünən baş verdi.

- Yəni nə fərqi var: bu Premyer Liqa olmasın, o Premyer Liqa olsun...

- (Gülür) Azərbaycan Premyer Liqası bu cəmiyyətdən ayrı əlahiddə həyat sürə bilməz. Hazırda ölkədə nizam-intizamı qoruyan Nazirlər Kabineti yanında Operativ Qərargahdır. Bu gün Azərbaycandakı gündəliyi bu qurum müəyyən edir. Ona görə AFFA "Biz ayrıca əmin-amanlıq adasıyıq, fikir verməyin, öz həyatımızı bildiyimiz kimi davam etdirəcəyik" deyə bilməz (report).