Mehman Allahverdiyevin "Kəpəz"ə sponsor tapması, bununla bağlı AFFA-ya müraciət etmələri barədə məlumatı diqqətinizə çatdırmışdıq. Lakin yeni sponsor komandanın prezidenti postunda məhz Allahverdiyevin olmasını istəyir.

Rekord.az xəbər verir ki, məsələyə AFFA-dan da münasibət gəlib.

Qurumun  Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə məsələdən xəbərlərinin olduğunu söyləyib: “Mehman Allahverdiyevin təklifi ilə bağlı məlumatımız var. AFFA-nın nümayəndəsi bununla bağlı onunla əlaqə saxlayıb. Mehman müəllim deyib ki, bir nəfər iş adamı var, onunla yemək masası arxasında bir dəfə bu məsələni müzakirə edib. Rusiyada yaşayan Şahin adlı həmin şəxs bildirib ki, Mehman Allahverdiyev “Kəpəz”in rəhbəri olsa, sponsorluq edərəm. AFFA-nın Mehman müəllimdən gözlədiyi cavablar var. Assosiasiya rəsmisi lisenziyalaşdırma qaydaları, şirkətin adı və bu kimi hüquqi prosedurları xatırladıb, ümumi detallarla bağlı onu məlumatlandırıb. Çünki şirkətin adı mütləq sponsor kimi göstərilməlidi. Mehman müəllim cavab verəcəyini deyib, ancaq AFFA hələ də ondan cavab gözləyir. Hansısa şirkət bir kluba sponsorluq edirsə, onun nümayəndəsinin həmin klubun rəhbərliyində təmsil olunması təbiidi. Biz Gəncə futboluna sponsorluq edəcək təşkilatı səbirsizliklə gözləyirik”. ("Futbol plus")