AFFA Lənkəran şəhər İcra Hakimiyyəti (İH) ilə danışıqlar aparır.

Rekord.az xəbər verir ki, yerli İH ilə məsləhətləşmələrdə məqsəd burada yeni klubun yaradılması perspektividir.

Görüşmələr uğurla nəticələnsə, Lənkəran növbəti mövsümdə yenidən Region Liqasında təmsil olunacaq. İcra Hakimiyyətinin nəzarəti altına keçməsi düşünülən komandaya AFFA hər ay maliyyə dəstəyi verməyi öz üzərinə götürür.

Lənkəran son iki sezonda sözügedən yarışda varlıq göstərib. İnişil “Alyans” Region Liqasında mübarizə aparıb.

Ötən “futbol ili”ndə isə bu missiyanı “Xan Lənkəran” yerinə yetirib. “Ağ-yaşıllar” finaladək irəliləsə də, AFFA onların I Divizionda iştirakla bağlı müraciətini geri çevirib.

Federasiya “Xan Lənkəran”ın “Qobustan”la varislik əsasında aşağı dəstədə yarışmasına da “yaşıl işıq” yandırmayıb.

Odur ki, klub ikinci dəfə Region Liqasına qatılmaqdan imtina edib, istiqamətini uşaq futboluna çevirib. (sportinfo.az)