AFFA Gənclər və İdman Nazirliyinin (GİN) balansında fəaliyyət göstərən futbol komandalarına maliyyə dəstəyini dayandırıb.

Rekord.az xəbər verir ki, federasiya GİN-in nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib.

Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı.

AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq.

Nəzərə çatdırılıb ki, onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər.

Bu açıqlamadan sonra GİN-in komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib. Federasiyanın saytına baxsaq, yaranmış acınacaqlı mənzərəni görə bilərik.

Mövsüm yeni başlayıb, amma hər yaş qrupu üzrə çempionatda kifayət qədər texniki məğlubiyyət qeydə alınıb. (sportinfo.az)