AFFA-nın 25 manatının ümidinə qalan "Qarabağ"ın əfsanəsi MÜSAHİBƏ
- 14 May 2020 17:00
- 1120
Müstəqillik tarixinin ilk illərində yaşıl meydanlarda xarüqələr yaradan, verdiyiötürmələr, vurduğu qollar ilə azarkeşlərin qəlbinə yol tapan öz zamanının məşhurlarının bir çoxu bu gün kənarda qalıb. Bir neçəsi başqa ölkəyə üz tutdu, burda qalanların çoxu işsizdi. Ailəsinə bir tikə çörək yedirmək üçün fəhləlik edənlərə də rast gəlmək mümkündü.
Belələrindən biri də Mehman Alışanovdu. Azərbaycan milli çempionatlar tarixində vurulan ilk qolun müəllifi, “Qarabağ”ın heyətində ölkə çempionu və ölkə kubokunun sahibi olan mingəçevirli balası. Bir ara səs-sorağı məhbəsdən gəldi. Səhlənkarlığı və diqqətsizliyi ucbatından başqasının badına gedib ömrünün 5 ilini “dəmir barmaqlıqlar” arasında keçirməli oldu. Azadlığa çıxandan sonra gah fəhləlik etdi, gah da məşqçilik. İndi yenə qeybə çəkilib.
Bu yaxınlarda mingəçevirli dostlardan birindən Alışanovun boya-başa çatdığı şəhərdə boş-bekar gəzdiyini eşidəndə təəccüblənmədim. Böyük əksəriyyət o gündədisə, nəyə təəccüblənəsən?! Qısası, növbəti müsahibim diqqətdən kənarda qalmış Mehman Alışanovdu.
- Neynirsiz? Necəsiz?
- Şükür, yaxşılıqdı. Nə edəcəm? Bütün gün evdə-eşikdə oluram. Başqa nə edəcəm?
- Gəncəli Rövşən Əhmədovdan xəbəriniz var?
- Yox, nəsə olub ki?
- Fəhləlik edirdi, karantin dövründə işsiz qalmışdı deyə, “Kəpəz” rəsmiləri Əhmədovun yaşadığı ünvana sovqat aparmışdılar. Məsələdən xəbər tutan millət vəkili Müşfiq Cəfərov Rövşəni nəzarətə götürüb, işlə təmin edəcəyinə söz verdi. Dedik, sizi də danışdıraq, bəlkə kim(lər)insə yadına düşərsiz.
- Allah sizlərdən razı olsun. Nə qədər savab iş görmüsüz. Mən də dediyim kimi, bütün gün evdəyəm. Elə bir işim yoxdu.
- Bir ara fəhləlik edirdiz...
- Türmə həyatından sonra ailəmi dolandırmaq üçün məcbur qalıb fəhləlik edirdim. Sonra bir müddət Zaur Qarayevlə birgə “elit”də məşqçi işlədim, heç 1 il olmadı, ordan da çıxardılar.
- Niyə?
- Bilmirəm ki. Yəqin yaşımıza görə.
- Kateqoriyan var?
- C kateqoriyasıdı.
- İşdən çıxarılan adam səbəbini soruşar. Səbəbsiz iş olmaz axı.
- Mən Elşən Mustafayevlə Yevlaxda işləyirdim, Zaur Qarayev də Samir Məmmədovla Mingəçevirdə. Bir neçə nəfəri işdən azad etdilər. Belə başa düşdüm ki. tələbat cavanlaradı, biz qocalmışıq. O vaxt “elit”ə Nikolay Adam nəzarət edirdi. Onların vaxtı 2015-də başa çatdı deyə getdilər. Onlar gedən kimi ixtisarlar başladı. 2016-dan bu yana işsizəm.
- Necə dolanırsız, nə yeyib-içirsiz?
- Ötən ilin mayında bir sponsor tapılmışdı. Mənə dedi ki, sən uşaq yığ, nə lazımdısa, verəcəm, təşkil edəcəm. Ayda 300 manat maaş demişdi mənə. Sağ olsun, bir müddət komandaya baxdı, pul xərclədi. Amma 3 aydan sonra pul kəsildi. 7-8 aydı pulsuz işləyirəm. Buna iş demək olarsa. İndi də iki aydı koronavirusa görə hər yer dayanıb.
- Nə komanda idi elə?
- U-12-lərin liqasında çıxış edən Mingəçevir “Ulduz”udu. Hazırda final mərhələsinə yüksəlmişik. Bu yaxınlarda zəng eləmişdilər ki, çempionatı davam etdirmək istəyirik, komandanı yığa biləcəksiz? Dedim, niyə yığmıram, təki başlayaq.
- İşləmirsiz, gəlir yeriniz yoxdu. Bəs nə ilə dolanırsız?
- İki oğlum var, işləyirlər, Allah canlarına dəyməsin, evə onlar baxır. Həm də U-12 liqasında hər oyuna görə AFFA məşqçilərə 25 manat qonorar verir, onu da evə gətirirəm. Başqa heç yerdən qazancım, gəlirim yoxdu. Bilmirəm, deməyim doğru olar, ya yox. Bu yaxınlarda... (susur)
- Deyin, nəyisə gizlətməyin adı yoxdu.
- Nə bilim, vallah. Birdən pis başa düşülər.
- Yaxşı adamı pis başa düşməzlər...
- Bu yaxınlarda “Qarabağ”ın veteran futbolçuları – bildiyimə görə, 1993-də çempion olan heyətin uşaqlarıdı – yığışıb, koronavirusa görə 120 manat pul göndərmişdilər. Tək mənə yox, bildiyimə görə, Zaur Qarayevə də, deyəsən, başqa bir neçə nəfərə də.
- İşlə bağlı AFFA-ya, Mingəçevirin gənclər və idman idarəsinə müraciət etmisiz?
- Açığı, AFFA-ya müraciət etməmişəm. Amma Mingəçevirdə hamı bir-birini tanıyır, xəbərdardı. İşsiz olduğumu bilirlər.
- Rövşən Əhmədova Gəncədən deputat seçilmiş Müşfiq Cəfərov dayaq çıxdı. Mingəçevirdə sizi işlə təmin edə biləcək elə bir adam yoxdu?
- Nə bilim, vallah. Olsaydı, indiyə qədər olardı. Bayaq dediyim bir nəfər var idi, o da 3 ay baxdı, sonradan davamı gəlmədi. 7-8 aydı xəbər-ətər yoxdu. Yenə sağ olsun, o vaxt 10 dənə top almışdı, forma, məşq ləvazimatları... Onlar qalıb, məndədi. Mən bir tərəfə, o uşaqlara heyfim gəlir. Komandanı atsam, o uşaqlar məhv olub gedəcəklər. Yarışların bərpasını gözləyirəm, başlasın, aparıb “Qəbələ”yə, ya da başqa klublara təklif edəcəm. O uşaqları yerbəyer etsəm, ürəyim rahat olardı, çəkilib durardım qıraqda.
- O uşaqları hansısa klub heyətinə qatacağı halda sizə maliyyə yardımı olacaq?
- Qurana and olsun, bu dəqiqə o uşaqlara görə pul arzusunda deyiləm. Verərlər-verərlər, verməzlər də canları sağ olsun. Aparıb kiməsə futbolçu satası deyiləm ki. Sadəcə, bacarıqlı uşaqları, istəmirəm futbolu atsınlar, qıraqda qalsınlar. Yaxşı şəraiti olan komandaya düşsələr, sizi inandırım, 5-10 ilə adlarından söz etdirəcəklər. Mən də istəyirəm ki, nə vaxtsa həmin uşaqların oyununa baxıb fəxr edim. Özüm də nə vaxtsa onların yaşında olmuşam, bilirəm ki, təkan vermək lazımdı.
- Tutaq ki, o uşaqları hansısa kluba verdiz, getdilər. Bəs sonra? Ondan sonra nə edəcəksiz?
- 52 yaşım var, bundan sonra nə edəcəm? İş olsun ki, işləyim. İnşallah, nə vaxtsa Mingəçevirin öz komandası olar, bəlkə hansısa işi təklif edərlər. Yoxsa belə vəziyyətdə ümidverici heç nə görmürəm.
- Türmədəki yoldaşlardan xəbər yoxdu? Danışıb-görüşmürsüz?
- Yox, qardaş. Mən o yolun yolçusu deyiləm. Təsadüfən gedib ora düşmüşdüm. Elə bir dost-tanışım yoxdu orda. Nə var idisə, elə orda da qaldı. Çıxandan sonra daim ailəmin yanındayam.
- Bilirsiz, niyə soruşdum?
- Niyə?
- Deyirəm, indi azadlıqda olan dustaq yoldaşlarınızdan kimsə bəlkə kömək əlini uzadar, iş tapmağınıza yardımçı olar.
- Yox-yox, elə bir şey yoxdu. 5 il “yatıb” çıxdım, o vaxtdan heç kimlə əlaqəm yoxdu. ("Futbol plus")