AFFA-nın “divizion hoqqası”: yenə 200 min tələb edirlər ÖZƏL!
- 18 May 2021 11:00
- 868
Heç kimə sirr deyil ki, Azərbaycan futbolunda monopolist sistem quran hazırkı AFFA rəhbərliyi demək olar ki, 90 faiz klubları öz nəzarətində saxlayır. Həm klubları, həm də liqaları. Təsadüfi deyil ki, məhz bu sistemin nəticəsi olaraq, nə Premyer Liqadan “aşağı” komanda düşür, nə də I Diviziondan “yuxarı” komanda gəlir. Heç I Divizionun özündə də çoxdandır yeni komandalar görünmür. Daha doğrusu, gəlmək istəyənləri də AFFA buraxmır. Min bir bəhanə ilə. İlk növbədə 200 minlik bank zəmanəti tələb olunur. Kimsə buna əməl etsə belə, başqa süni maneələr, abssudr şərtlərlə onların divizionda iştirakına icazə verilmir.
Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, sözügedən vəziyyət növbəti mövsüm üçün də keçərli olacaq.
Artıq bunun ilkin siqnalları verilib. Belə ki, I Divizon həvəsi ilə federasiyaya şifahi müraciət ünvanlayan şəxslərə 200 minlik bank zəmanətinin qüvvədə qaldığı bildirilib. Hətta bunun 250 minə qaldırılacağı da istisna edilməyib. Bundan başqa, infrastruktur da daxil olmaqla bir slra dugər tələblər də AFFA tərəfindən irəli sürüləcək. Görünən budur ki, növbəti mövsümdə də I Divizionda yeni komanda olmayacaq.