AFFA-nın dövlət yanında hörmət(sizliy)i və ya şahın “peşka”ya çevirilməsi YAZI
- 18 May 2020 12:00
- 1086
Karantin rejimi tətbiq olunan dövrdən bu yana üçüncü dəfə yumşalmaya gedildi. Aprelin 27-i, mayın 4-ü və 18-i. Amma futbol bu yumşalmaların heç bir mərhələsində yer almadı. Deyəcəksiniz ki, tək futbol yox, ümumiyyətlə, idmanın heç bir növündə yumşalma olmadı. Məsələnin o tərəfi ilə razıyam. Amma onunla da razılaşaq ki, futbol idmanın şahıdır və hər zaman xüsusi statusa malik olub. Hazırda dünyada futbol klubları, onların məşqləri, çempionat oyunları xüsusi müzakirə olunur. Məsələn, Almaniyada digər idman növləri ilə bağlı qadağalar hələ də gündəmdədir, olimpiya və dünya çempionları üçün zallar hələ də qapalıdır. Amma futbol çempionatı bərpa olunub. O cümlədən, yaxın zamanlarda İtaliya, İspaniya, İngiltərə və əksər digər ölkələrdə də çempionatlar bərpa olunacaq. Çünki həmin ölkələrin hökuməti də bunda maraqlıdır. Futbol həmin ölkələrdə böyük biznes, gəlir sahəsi sayılır, ölkənin iqtisadiyyatının sütunlarından biridir. Adicə “Nou Kamp”a hər il nə qədər turist axını olur. Elə tək həmin ziyarətlərdən gələn gəlir bizim klubların illik büdcələrindən çoxdur. Azərbaycan da daxil olmaqla, dünyanın başqa-başqa ölkələrindən insanlar bilet alıb “Barselona”nın, “Real”ın, “Yuventus”un, “Bavariya”nın, “Liverpul”un oyunlarını canlı izləmək üçün İspaniyaya, İtaliyaya, Almaniyaya, İngiltərəyə gedir. Bunlar hamısı həmin ölkələrin büdcəsinə milyonlarla vəsaitin daxil olmasəı deməkdir. Amma Azərbaycanda...
Mən hökumətin futbolla bağlı mövqeyini anlayışla qarşılayıram. Futbolun bu günə qədər olan yumşalmaların heç birinə aid edilməməsi də şəxsən mənim üçün gözlənilməz olmayıb və zaman-zaman da bununla bağlı fikirlərimi yazmışam. Hökumət yumşaltmaya gedərkən ilk növbədə nəyi əsas götürür? Daha vacib və ehtiyac olan sahələri. Məsələn, ərzaq mağazaları və apteklər karantin dövründə də bağlanmadı. Çünki həyat əhəmiyyətli obyektlər hesab olunur. Kiçik ticarət mərkəzləri, restoranlar, metro niyə açıldı? Çünki təlabat var. Bundan başqa, həmin sahələrin bağlı qalması dövlətə də ziyandır, həmin sahələrdən büdcəyə vergi ödəmələri daxil olur, həmin ödəmələr hesabına büdcə formalaşır, maaşlar, təqaüdlər verilir. Hazırda yay mövsümü ilə bağlı çimərliklərin də fəaliyətinə icazə verilməsi müzakirə olunur. Yəqin ki, növbəti mərhələdə kinoteatrlar, iri ticarət mərkəzlərinin, şadlıq evlərinin də açılması müzakirə olunacaq. Çünki onların fəaliyyəti də büdcəyə gəlir gətirəcək. Bəs futbol bu ölkəyə, dövlətə nə verir? “Qarabağ”ın qazandıqlarını kənara çəksək, heç nə. Bir yazımda da yazmışdım, futbol bu ölkədə dövlətə əlavə yük, xərc və utanc olmaqdan başqa bir şey deyil. AFFA futbolu o günə salıb ki, hökumət üçün də heç bir əhəmiyyət daşımır. Əhəmiyyətsiz sahəyə də hansı məntiqlə diqqət olmalıdır? Ona görə də hökumət məntiqli olaraq futbolu atıb ən sonuncu plana. Bir daha deyirəm, dövlətin ən böyük maliyyə ayıdığı sahələrdən biridir futbol. SOCAR kimi bir sponsora təhkim olunub. Hər il milyonlar ayrılır. Amma əvəzində nə baş verir? Dövlətin milyonlar ayırdığı sahə gəlir gətirmir, maraq yoxdur, nəticə yoxdur, biabır ola-ola, reytinqdə geriləyə-geriləyə gedirik, dövlətin imici zədələnir. Qazanan isə bu milyonlar hesabına özünə cah-cəlal quran 4-5 dəllaldı. Son qərarlar da sübut etdi ki, futbolun özü kimi, həmin o dəllalların da dövlət yanında hörməti yoxdur. Çünki futbolu elə zəlil günə salıblar ki, lap 10 dəfə də xahiş eləsələr, yuxarılarda sözləri keçməyəcək. Həmin şəxslər idmanın şahını Azərbaycanda “peşka”dan da hörmətiz duruma gətiriblər. Necə ki, özlərini fil saydıqları halda, qarışqa qədər hörmətləri yoxdur. Rəhmətlik Zəlimxan Yaqubun məşhur misrasında deyildiyi kimi:
Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqacan hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya
Anar XANLAROV