“Bəxt üzüyü” filmində məşhur səhnələrdən birində alverçi Rasim qonşuları ilə münasibətlərin pozulmasından narazılıq edir, onlar üçün etdikləri yaxşılıqları dilə gətirməyə, başa qaxanc etməyə başlayır: “Maşınımda gəz, saqqızımı çeynə...” 

Bizim AFFA-nın da rəhmətlik Rafael Dadaşovun canlandırdığı obraz kimi əlinin duzu olmamasından şikayət etməyə tam haqqı çatır. Haitidən olan qonaqları yoxlama görüşündən 4 gün əvvəl Bakıda qonaq etdik, belaruslar da Masazırdakı oyundan xeyli əvvəl paytaxtımıza təşrif buyurdular. Özü də Azərbaycan Hava Yollarının təyyarəsiylə soyuq Düşənbədən günəşli Bakıya uçdular. Bizdə adətdir, qonağa yeməyin ən yaxşısını verərik, ən yumşaq yataqda onlara yer salarıq. Elə AFFA da belə davrandı. Milli komandalarımızın Mərdəkandakı bazası Lukaşenkonun həmyerlilərinin ixtiyarına verildi. Heç inanmağım da gəlmir ki, bu “yersiz gəldi, yerli qaç” prinsipinin qarşılığında Belarus Futbol Federasiyası AFFA-ya hansısa ödəniş etsin. Ayağımızı yerə bərk dirəsək, həm Şimali Amerikadan gələn qonaqlar, həm də belaruslar deyəcək ki, minnətiniz olsun, biz gəlib sizinlə futbol oynamağa razılıq vermişik.

Hər şey bir yana. Onsuz da AFFA səxavətlidir, pul dərdi çəkən deyilik. Lazım gəlsəydi, qonaqları daha 5-6 gün Bakıda qonaq saxlaya bilərdik. Amma gərək onların da qabiliyyəti çatardı, bu qonaqpərvərliyin qarşılığında bizə “çox sağ olun” deyəydilər. Quru sözdə yox, meydandakı əməlləri ilə. Adicə bir yoxlama görüşündə “qonaqlarımızın” bizə qarşı bu cür amansız davranmasını heç cür başa düşə bilmədim. Yaxşı, amerikalıları qoyaq bir kənara. Deyək ki, onlar çox uzaqdan gəliblər, soyuqqanlıdılar, dil tapmaq olmadı. Bəs dost-qardaş saydığımız, hər sahədə müttəfiqlik etdiyimiz belarus qardaşlarımız niyə belə etdi?

Haiti yığması bizə Sumqayıtda əməlli-başlı futbol dərsi keçdi. Xüsusən də onların vurduğu üçüncü qolda bizimkilərin necə çarəsiz görünməsi adamın ürəyini ağrıtdı. Deməyin ki, belaruslar onlardan insaflı davrandılar, qapımıza üç yox, iki top vurdular. Birinci hissədə Minskdən gələn qonaqlarımız qapımıza doğru çox amansız və aqressiv hücumlar edirdilər. Hiss etmək çətin deyildi ki, Lukaşenkonun həmyerliləri qol vurmaq həvəsiylə alışıb-yanırlar. İlk hissədə bəxtimiz gətirdi, top Rza Cəfərovun qoruduğu qapıya daxil olmadı. Biz də bir az ümidləndik, heç-heçəylə canımızı qurtaracağımıza inandıq. Lakin biz saydığımızı sayaq, görək belaruslar nə saydılar. Yaxşı ki, onlar da cəmi iki dəfə saydılar, qapımıza çox qol vurmadılar. Nə olardı ki, göstərdiyimiz qonaqpərvərliyin qarşılığında bizimkilərin də bir qol vurmasına imkan yaradaydılar? 

Haitinin üçüncü qolunun ağrı-acısı bizi tərk etməmiş belarusların vurduğu birinci qol bizi yerin dibinə soxdu. Həmin epizodda bizimkilər az qalmışdılar cərimə meydançasında 11 nəfər bir yerə toplaşıb, qapı qarşısına “ətdən divar” hörsünlər. Acınacaqlı haldır ki, bunu da bacarmadıq. Əvvəllər şikayətlənirdik ki, bizimkilərin başı yalnız müdafiə olunmağa qarışıq, qol vurmaq yaddan çıxır. İndi görürük ki, heç müdafiə olunmağı bacarmırı. Görəcək günlərimiz hələ irəlidədir, dostlar. 

Evimizin içində iki oyun keçirdik, qonaqlarımız qapımıza beş cavabsız top vurdular. Ya bizim qonaqlarımızın rus demişkən, “ponyatkası” çatmadı, ya da AFFA-nən əlinin duzu yoxdur. Keçmiş olsun!