AFFA-nın İnkişaf Strategiyasına ilkin baxış: rəy və təkiflərimiz
- 21:32
- 112
Dünən – yanvarın 10-da AFFA çoxdan gözlənilən, ətrafında xeyli
müzakirə aparılan inkişaf strategiyasını açıqladı. Qurum 2024-cü ilin avqust
ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunduğunu və
rəylər toplandığını qeyd etməklə yanaşı, daha 3 gün vaxt ayırdıqlarını, yəni
yanvarın 13-ü saat 12:00-a qədər hər kəsə fikir bildirmə imkanını verdiklərini
elan edib. Bildirilib ki, təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra
strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.
Aydındı. AFFA hazırladığı, daha doğrusu xarici şirkətə
hazırlatdığı strategiyanı bir daha ictimaiyyətin ixtiyarına verərək öz rəy və təklifilərini
vermək şansı yaradır. Hər halda, bunda pis nəsə yoxdu, onların görmədiyi səhvləri
daha geniş kütlə daha yaxşı görə, daha çox qeydlər edə bilər.
Biz də açıqlanan strategiya, daha doğrusu, onun qaralama
variantını oxuyaraq müəyyən qeydlərimizi etdik, rəy və təkliflərimizi paylaşmaq
qərarına gəldik. Nəzərə alın ki, bu, ilkin baxışdı, daha müfəssəl fikirlər üçün
bir neçə günə ehtiyac var. Ancaq dedlayn yaxın olduğundan yalnız bu qədər
detala girə bildik. Ümid edirik ki, AFFA bu qeydlərimizi nəzərə alacaq.
Beləliklə, başlayaq.
Əvvəlcə, qısa bir məzmun icmalı. “Qələbəmiz hədəflərimizdə,
inamımız gənclərimizə” şüarlı strategiya 70 səhifəlik bir materialdan ibarətdir.
Dizayna xüsusi fikir verilməyib, sadədi, rəngdən çox yazıya fikir verilib.
Məzmun 6 hissədən ibarətdi:
A. AFFA rəhbərliyinin ön sözü (hazırkı versiyada bu bölmə boşdur, güman ki, əsas variantda olacaq)
B. Strateji baxış, missiya, əsas hədəflər
C. Strateji istiqamətlərin icmalı
D. Mövcud vəziyyətin icmalı
E. Strateji istiqamətlərin təfərrüatları
F. Əsas layihələrin siyahısı
Sonrakı səhifələrdə burada qeyd olunan bölmələr daha geniş
açılır, bəndlər, altbəndlər olaraq sıralanır, daha geniş, daha təfərrüatlı bəhsə
keçilir.
B bölməsində AFFA-nın strateji baxışı və missiyası, bu
missiyanın reallaşdırılması üçün strategiyanın 5 əsas məqsədinin - əsas hədəflərinin
nədən ibarət olması barədə məlumat verilir.
C bölməsində uğura aparan yolu 6 strateji istiqamətin – kütləvilik,
təhsil, inkişaf, dayanıqlılıq, infrastruktur və dəstək - reallaşdırılması ilə şərtləndirildiyi
qeyd olunur.
D bölməsi futbola olan marağın artırılması və
populyarlaşdırılması, futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regional və
gənclər futbolunun inkişafı, maliyyə məsələləri, peşəkar və gənclər futbolunun
infrastrukturu və inklüzivliyin və sosial məsuliyyətin təmin edilməsi alt bölmələrinə
ayrılır.
E bölməsində strateji istiqamətlərin uğurla reallaşdırılması
üçün lahiyələrin icra olunmasının nəzərdə tutulduğu qeyd olunub. Məlumata əsasən,
burada 26 əsas sahə və onlara bağlı 250-dən çox əsas layihənin həyata keçirilməsi
nəzərdə tutulub.
F bölməsi ən böyük bölmədir və strategiyanın əsas xəttini təşkil
edir. Burada futbola marağın və populyarlığın artırılması, futbol mütəxəssislərinin
inkişaf etdirilməsi, regional və gənclər futbolunun inkişafı, maliyyə məsələləri,
peşəkar və gənclər futbolunun infrastrukturunun inkişafı, inklüzivliyin təmin
edilməsi və sosial məsuliyyət, həmçinin təşəbbüslər (idarəetmə sistemi,
liderlik və Strategiyanın icrası) haqda geniş bəhs olunur, bəndlər və alt bəndlərlə
daha təfərrüatlı qeydlər göstərilir.
İndi isə keçək qeyd, rəy və təkliflərimizə.
Əvvəlcə, müsbət məqamlar.
AFFA-nın strategiyasında qurumun alt bölmələri, yəni
regional futbol federasiyalarına diqqət ayırması, onları səlahiyyət və
imkanlarını artırmaq yolu ilə daha intensiv və səmərəli fəaliyyət göstərmələrinə
şərait yaratması alqışlanası addımdı. Quruma biz “federasiya” deyərək müraciət
etsək də, əslində “assosiasiya”dı və 8 regional federasiyaların toplum təşkilatıdı.
Bu günə qədər həmin federasiyalar faktiki qeyri-işlək vəziyyətdə olub, maliyyələşməsi
həyata keçirilməyib, formal təşkilatlara çevriliblər. Nəticədə regionlarda
futbolun inkişafını etməli olan, bunu mərkəzdəkindən daha yaxşı edə biləcək,
buna bilvasitə cavabdeh olanlar bu işdən kənarda qalıb. Bu səbəbdən də
regionlarda futbolun bərbad səviyyədə olmasına təəccüblənmək olmur.
AFFA öz yeni strategiyasında əsas yeri regional və gənclər
futboluna ciddi yer ayırır. Yeni, istedadlı nəslin yetişdirilməsi üçün atılacaq
addımlar açıqlanır, yeni Futbolun İnkişaf Mərkəzinin yaradılması, kurs, təlimlərin
keçirilməsi, ucqar kəndlərdə olan birinin mərhələli şəkildə ən yüksək pilləyə qədər
rahat gəlişini təmin etmək üçün çalışılacağını göstərir. Qadın, əlillər, futzal
və çimərlik futbolu, azarkeşlərin futbola marağının artırılması üçün ənənəvi və
innovativ həllər üçün addımlar atılacağı bildirilir.
Strategiyada federasiya peşəkar futbolun inkişafı üçün infrastrukturu
ön plana çıxarır, onun yaxşılaşdırılması istiqamətində bütün liqalarda çıxış edən
klublara, həmçinin futbolla kəsişən digər qurumlara, məsələn, Təhsil və İdman
Nazirliyinin balansında olan UGİM-lərə (Uşaq-Gənclər İdman Mərkəzi) bu istiqamətdə
maksimal dəstəyin göstəriləcəyini qeyd edir. Ölkə futbolunun əsas problem olan meydança
və kadr məsələlərinin diqqətə alınması doğru istiqamətdir.
İradlarımız da az deyil.
İlk öncə onu qeyd edək ki, strategiya natamam təsiri
bağışlayır. Əksər bölmələrdə konkretlik yoxdur, görüləcək işlərin hansı zaman çərçivəsində
həyata keçiriləcəyi göstərilmir. Filan işin filan vaxtda ediləcəyi barədə heç
bir bölmə, bənd və ya altbənddə məlumat yoxdu. Ancaq “ediləcək” yazılır. Nə
vaxt, hansı işin nə qədər çəkəcəyi, qarşıya qoyulan məqsəd və hədəflərə konkret
nə vaxt çatılacağı yazılmayıb. “Futbolun İnkişafı Mərkəzinin yaradılması” var,
məsələn. Çox yaxşı təşəbbüsdü. Amma bu Mərkəz nə vaxt, harda, hansı pula, necə
qurulacaq, günəgün olmasa da, təxminən il olaraq nə vaxta hazır edilməsinin
planlaşdırılması barədə heç nə yoxdu.
Stadionlar, regionlarda işlər, rəqəmsal layihələrin həyata
keçirilməsi, azarkeşlərlə iş, mütəxəssislərin yetişdirilməsi üçün atılacaq
addımlar və başqa məsələlər də eyni cür qeyri-müəyyən zamana buraxılıb, “olacaq”,
“ediləcək” deyilib. Yəni belə başa düşülür ki, biz sadəcə veriləcək sözə inanmalı,
oturub gözləməli, yalnız sonda nəticəni sorğulamalıyıq. Yeri gəlmişkən, o sonun
da nə vaxt olduğu da yazılmayıb. 4 il, 8 il, 12 il olacaq, bilmirik. Belə məlumatımız
var, amma strategiyanın içində yoxdu.
Sənəd sanki qaçaraq yazılıb. Müfəssəllik yoxdu, hansı dataya
(məlumat bazasına) əsaslandığı da anlaşılmır. Yazılış dilinə baxanda bəzi bölmələrin
hardansa “kopi-past edilib” fikri ağıla gəlir. Təbii ki, bəzi ideyalar hamımız
üçün yenidi, mütləqdir ki hardansa götürülməli, digər ölkə və qurumların təcrübəsindən
yararlanılmalıdır. İddia etmirəm ki, bütün strategiya belə edilib, çünki Azərbaycan
futbolunun həllini gözləyən problemlərinin əksərinə yer ayrılıb. Amma tələsiklik
var. Onsuz da bu qədər vaxt keçib, 3-5 günlə, yaxud bir-iki ayla heç nə dəyişməyəcək.
Təməli möhkəm qoyun.
Daha bir məqam strategiyada ölkə futbolunun hazırkı
durumunun real vəziyyətinə (elmi dildə desək, SWOT analizə) dərindən toxunulmamasıdır. Kobud
desək, 3-4 rəqəm, 5-10 cümlə və bir-iki slayd bunun üçün yetərli deyil. Məsələn,
D bölməsi başlıq olaraq “Mövcud vəziyyətin icmalı” kimi verilsə də, orda
icmallıq çox da nəsə görünmür. Ancaq “olacaq”, “ediləcək”lər var. Azərbaycan
futbolunun hazırkı durumu, infrastrukturun sovetdənqalma, müharibədən çıxmış vəziyyətə
yaxın olması, kadr çatışmazlığı, kommunikasiya, vəhdət fəaliyyətin yoxluğu, bütün
yaş qrupları üzrə milli komandaların uçurumda olması və gələcəyə heç bir ümid
işığının görünməməsi, bir sözlə, kompleks şəkildə fiasko günündə olması açıq şəkildə
göstərilməlidir. Ki, strategiyanın həyata keçirilməsi üçün ayrılan məsələn, 8
ildən sonra “nə iş görüldü” sualına cavab axtararkən “nə var idi” haqda məlumat
çox axtarılmasın. Köhnə AFFA rəhbərliyinin futbolun kökünə vurduğu balta və
onun törətdikləri açıq şəkildə göstərilməlidi. Bunu etməklə onların xətrinə dəymək
istəmirsizsə, açıq deyin, işimizi bilək. Onsuz da sonda cavabı siz verəcəksiz.
Bir qədər konkretlik də edək, vacib məqama şərh də verək. “Strategiyanın
əsas hədəfləri” bölməsində qurum “AFFA-nın missiyasının reallaşdırılması
Strategiyanın 5 əsas məqsədinin icrası hesabına təmin edilə bilər” başlığı ilə əsas
istiqamətləri müəyyən edir. Bütün məsələlər də bunun ətrafında dövr etdiyi üçün
məhz bu məqamlara diqqət yetirmək mütləqdir. Beləliklə, ilk bənddə yazılır.
• Kişilərdən ibarət A
milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli
komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın
uzunmüddətli hədəflərindəndir.
Niyə? FİFA reytinqində 75-ci yerdə olmağı uzunmüddətli hədəf
etmək, yazılan bu strategiyaya, onun sürətli yerinə yetirilməsinə, eyni zamanda
da ölkə futbolunun potensialına inanmamaq deməkdi. Millimiz bu il DÇ-nin seçmə
mərhələsində 3-4 xal, ardınca da gələnilki Millətlər Liqasında özümüz kimi
fiaskolar üzərində qələbələrlə qeyd olunan pilləyə yaxınlaşa bilər. Hə, qarşıya
real hədəflər qoymaq lazımdı, ancaq bu qədər qorxaq olmağa da gərək yoxdu. Niyə
kişilərdə 50-ci pilləni hədəf seçməməliyik? Bir də ki, millimizin Avropa və
dünya çempionatlarının final mərhələlərində iştirakı haqda niyə heç nə yoxdu?
FİFA reytinqində lap ilk 3-lükdə qərarlaşıb heç bir böyük turnirdə
oynamayacağıqsa, o reytinq bizim nəyimizə lazımdı? Razıyıq, 76-cı pillədə olaq,
ancaq ən azı qonşu gürcülər kimi Avropa çempionatında oynayaq. Reytinq nisbidi,
işin nəticəsini isə yarışlar göstərir. Strategiyada bizim neçə ildən sonra AÇ,
necə ildən sonra DÇ-nin final mərhələsində oynamağı planlaşdırdığımız göstərilməlidi.
Növbəti bənddə qeyd olunur:
• UEFA-nın klub
reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-lığa daxil
olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.
Yenə minimal hədəf. Bir ara klublarımızın uğurlu çıxışları
ilə reytinqimiz yüksəlmiş, Azərbaycan 23-cü pillədə qərarlaşmışdı. O zaman nə
strategiya vardı, nə də bundan yaxşı şərait və ya imkanlar. “Qarabağ”la yanaşı
ona yaxın səviyyədə bircə klubu ortaya çıxarmaqla 20-ci pilləni cəmi 3-4 ilə
tutmaq olar. Bu, strateji yox, taktiki hədəfdi, yəni qısamüddətli. AFFA
qarşıdakı illərdə 15-ci pilləyə yüksəlməyi hədəf qoymalıdı. Çünki məhz bu pillədə
olan ölkələrin avrokuboklara 4 yox, 5 komanda göndərmək icazəsi olur, özü də
2-si ən mötəbər turnir olan Çempionlar Liqasının təsnifatınadı. Strateji hədəf
bu olmalıdı.
Sonrakı bənd.
• Avropanın aparıcı
klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi
heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun
İnkişafı Mərkəzinin yaradılması.
Burda deyiləcək bir şey yoxdu, çünki biz hələ bu Mərkəzin nə
demək olduğunu, necə fəaliyyət göstərəcəyini bilmirik. Odu ki, sadəcə “inşallah”
deyib, keçək.
• Kişilərdən və
qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının
final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin
etmək.
İnşallah.
• Azərbaycanın peşəkar
klublarının ümumi bazar dəyərini ikiqat artırmaq
Reallıqda “Qarabağ”dan başqa heç bir klubumuzun müsbət bazar
dəyəri yoxdu. Hamısı dotasiya və dövlət tərəfindən yönəldilən sponsorların
hesabına ayaq üstdədilər. O sponsorlar azacıq zəifləyən kimi klublar da
uçurumdan düşər kimi ölümə istiqamət alırlar. Odu ki, AFFA bu işi özünə hədəf
qoymaq həm özünü çətinə salıb, həm də çox məsuliyyətli işin altına girib.
İnanaq ki, nəsə edəcəklər. İnanmaqdan başqa yolumuz yoxdur.
Kənan Məstəliyev, “Rekord.az”