AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrıldı
- 19 İyn 2020 20:00
- 607
SportEnt – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində qrant ayrılıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, layihədə AFFA-dan başqa Sloveniya Futbol Assosiasiyası, Makedoniya Futbol Federasiyası, Beynəlxalq Basketbol Federasiyası, “TDM 2000 International” (İtaliya), “Caceres Chamber of Commerce” (İspaniya) və “EU15 ltd” (Birləşmiş Krallıq) şirkətləri iştirak edir.
Peşəkar idmançıların elit idmanda karyeraları adətən qısa olur. Bir çox idmançılar karyera keçidinə hazır olmadan idman karyeralarını bitirirlər və işsizliklə üzləşirlər.
Layihə çərçivəsində idmançıları idmanda qazanılmış xüsusiyyətlərə əlavə olaraq sahibkarlıq təlimləri vasitəsilə şəxsi işini qurmağa hazırlamaq nəzərdə tutulub. Məqsəd idmanla məşğul olan şəxslərə (18-30 yaş) öz sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə məşğulluq potensialını artırmaq üçün real imkanlar yaradacaq təlimlər və tədris materialları hazırlamaqdır. Futbol digər idman növlərinə tətbiq edilə biləcək metodoloji nümunə kimi götürüləcək. Layihənin ilk mərhələsi olaraq iştirakçı ölkələrdə futbolçular arasında futboldan sonrakı karyeraları ilə bağlı sorğu keçirilir.
Məlumat verdyimiz kimi, Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.