17 illik jurnalistika fəaliyyətimdə səhv etmirəmsə, ilk dəfə idi AFFA-nın hansısa konfransına qatılırdım. Jurnalistikadakı ilk illərimdə bəlkə də olub, xatırlaya bilmirəm, amma bu ehtimal da sıfıra bərabərdi. Təəssüratlarıma keçmədən öncə bir arzumu qeyd etmək istərdim ki, gün o gün olsun, bizim federasiyada da sözün əsl mənasında seçki keçirilsin. Futbolumuz o səviyyəyə çatsın ki, federasiya rəhbəri, İcraiyyə Komitəsi üzvləri postlarına rəqabətli, şəffaf seçkilər keçirilsin, bu postlara namizədlər olsun. Yoxsa indiki halda bizdə yaşananlar seçki yox, təyinatlardı. 1 həftə əvvəldən də bilinirdi ki, AFFA-nın yeni prezidenti kim olacaq, İcraiyyə Komitəsinin üzvləri kim. Təsəvvür edin, seçkidə səsvermə üçün nəzədə tutulan 3 kartdan (yaşıl, sarı, qırmızı) ikisindən (sarı, qırmızı), ümumiyyətlə, istifadə olunmadı. Yəni bütün qərarlara hamı "yaşıl" (lehinə) qaldırdı.

Təyinatların rəsmləşməsindən öncə protokola görə sabiq AFFA rəhbərliyinin hesabatı dinlənildi və gözlənildiyi kimi, bütün hesabatlar reallığa daban-dabana ziddiyyət təşkil etdi. Guya AFFA rəhbərliyi geridə qalan 15 ildə Azərbaycan futbolu adına böyük işlər görüb, futbolu inkişaf etdirib və bu yolun da yeni rəhbərlik tərəfindən davam etdirilməsinə inanırlar. Bir o qalmışdı ki, yığışıb ölkə başçısına müraciət edələr ki, ölkə futbolunun inkişafındakı əvəzsiz xidmətlərinə görə Rövnəq Abdullayevə "Şöhrət" ordeni verilsin. Rövnəq Abdullayevi, Elxan Məmmədovu başa düşdüm, mənə ən çox qəribə gələn Mİlli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışı oldu. Adam Rövnəq Abdullayevi o qədər təriflədi ki, Elxan Məmmədov belə, buna həsəd apara bilərdi. Dedi ki, bəs futbolumuz durmadan inkişaf edir və unutmayın ki, hardan-hara gəlmişik. Deyəsən Çingiz müəllim elə bilir ki, "Qarabağ" müstəqil klub zad deyil, elə AFFA-nın nəzdindədi və onun bu günə qədər qazandığı uğurların da altında AFFA-nın imzası var. Ümumiyyətlə, çıxış edənlərin demək olar ki, hamısı "Qarabağ"ın uğurlarını xüsusi qabardaraq bunu ölkə futbolunun, sətir altı isə utanmadan sanki AFFA-nın da uğuru kimi təqdim edirdilər. Bu arada, Çingiz müəllimin "unutmayaq ki, hardan-hara gəlmişik" fikirinə qısa münasibət olaraq deyim ki, Azərbaycan millisi tarixində ilk dəfə 1999-cu ildə, yəni rəhmətlik Fuad Musayevin dövründə FİFA reytinqində ilk "100-lüy"ə daxil olmuşdu (97). Düzdür, Rövnəq Abdullayevin dönəmində də iki dəfə belə nəticəmiz olub - 2013 (94), 2016 (90). Amma Fuad Musayevin dövründəki AFFA-nın büdcəsi, imkanları ilə Rövnəq Abdullayevin dövründəki büdcə və imkanlar müqayisəyə belə gəlməz. Fuad Musayevin AFFA-sı dövlətdən bir qəpik almırdı. Amma Rövnəq Abdullayevin dövründə federasiya tamamilə dövlətdən maliyyələşirdi və pul saman kimi idi. Şübhəm yoxdur ki, bu maliyyənin 1/5-i Fuad Musayevin dövründə olsaydı, reytinq nəticələrimiz daha yaxşı olardı.

Hesabat zamanı daha çox qabardılan infrastrukturla bağlı görülən işlər oldu. Bəli, Rövnəq Abdullayevin dövründə ölkədə bir sıra stadionlar tikildi, bunu danmırıq. Amma bunun hamısını AFFA-mı tikdi? Stadion tikən Fuad Musayev kimi olar ki, sırf UEFA-nın maliyyə dəstəyi ilə 8500-lük, təbii örtüklü "Şəfa" stadionunu tikmişdi. Hansı ki, Abdullayevin AFFA-sı onu su qiymətinə Cahangir Hacıyevin "İnter"inə satdı, Hacıyev də sonradan süni örtük döşədiyi həmin stadionu girov qoyub külli miqdarda kreditlər götürmüşdü. Hacıyevin sonrakı taleyi də hər kəsə məlumdur. Həmin "Şəfa" isə gün bu gün də girovdadı. Abdullayevin dönəmində tikilən stadionların böyük hissəsi isə sırf dövlətin maliyyəsi ilə tikildi. Xüsusilə də 2013-cü ildə qızlar arasında dünya çempionatına hazırlıq planı çərçivəsində. Hələ biz onu demirik ki, tikilən stadionların 70-80 faizinin qazonu süni idi və həmin süni qazon bazarına da kimin nəzarət etdiyini hamı gözəl bilir. Rövnəq Abdullayevin Azərbaycan futboluna ən böyük xəyanəti Elxan Məmmədova böyük səlahiyyətlər verməsi oldu. Hansı ki, həmin Məmmədovun futbolumuza vurduğu ziyanların altından hələ yaxın 10 ildə çıxa bilməyəcəyik. Hələ utanmaz-utanmaz konfransa gəlib çıxış edir, öz aləmində hərəyə bir söz soxurdu. Qalstuk söhbəti ilə mediaya söz soxdu, "Neftçi" prezidenti olarkən Rövnəq Abdullayevin çempionluğunu qabartmaqla Rövşən Nəcəfə, eləcə də bəzi 1-2 kəlmə atmaca-cümlə ilə də sabiq kadrı Sərxan Hacıyevə. Hələ utanmadan sonda deyir ki, yeni rəhbərliyə dəstək üçün hər şeyə hazırıq. Yəni eyham vurdu ki, FİFA-nın Avropa Futbol Federasiyaları ilə iş üzrə komitəsinin rəhbəriyəm, işiniz məndən düşəcək.

Nə isə. Bütün nağıllar bitəndən sonra AFFA prezideni və İcraiyyə Komitəsi üzvlərinin təyinatı rəsmləşdi. Yenilənmiş AFFA haqda nə demək, onlardan nə gözləmək olar? Təbii ki, qısa zamanda qlobal dəyişikliklər gözləmək düzgün olmazdı. Çünki az öncə də qeyd edtiyim kimi, əvvəlki AFFA rəhbərliyi futbolumuza elə zərbələr vurub ki, bunun altından çıxmaq üçün xeyli zaman lazımdı. Amma ən azı müəyyən inkişaf və irəliləyişə ümid edirəm. Rövşən Nəcəf "Neftçi" Müşahidə Şurasına sədr təyin olunanda mediadan qaçırdı. Hətta öz təqdimatında belə, mətbuat konfransı keçirməkdən imtina etmişdi. Amma dünən bəlkə də protokol xatirinə media önünə çıxmağa məcbur oldu. Düzdür, öncədən limit qoyuldu ki, hərə yalnız bir sual verə bilər və konfrans 20 dəqiqədən artıq çəkməyəcək. Bu, bir az xoş olmadı. Amma şişirməyə də ehtiyac görmürəm. Əsas odur ki, adam ona ünvanlanan bütün suallara səmimi cavab verdi. Xüsusilə media ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirdi və qeyd etdi ki, medianın dəstəyi olmadan böyük uğurlar qazanmaq mümkün deyil. Konfransdan sonra da jurnalistlərə yaxınlaşıb səmimi şəkildə görüşdü. Bunun özü yaxşı mesaj idi. Eyni zamanda uşaq futbolunun problemini xüsusi qabartması, azarkeşlərin stadiona qayıtması üçün təxirəsalınmaz işlərin vacibliyini qeyd etməsi də müsbət məqamlardan idi. Yenə deyirəm, indiki halda ümidli, səbrli olmalı və üstünə getməməliyik. Çünki adam AFFA prezidenti kimi ilk çıxışında da futbolumuzdakı bariz problemləri çəkinmədən etira etdi.

İcraçı vitse-prezident postunun Sərxan Hacıyevə verilməsini də müsbət qarşılayıram. Çünki Hacıyev baş katib olduğu qısa müddətdə Elxan Məmmədovun 15 ildə görmədiyi işləri gördü. Məhz onun dövründə idman prinsipləri qorundu, əvəzedicilər I liqadan ayrıldı, II Liqa yaradıldı, ölkə kubokunda 30-dan çox komanda iştirak etdi. Eyni zamanda Hacıyev futbol ictimaiyyəti, azarkeşlər, jurnalistlərlə də daim səmimi, mehriban münasibəti ilə diqqət çəkdi. Əgər adam bu cür işləyirsə, niyə dəstək olmayaq? Çox da ki, Elxan Məmmədovun kadrıdı. İşləyənə, futbolu düşünənə hər zaman dəstək olmalıyıq.

İcraiyyə Komistəsinə gəlincə, təəssüf və narahatlıq doğuran yeganə məqam Elşad Nəsirovun yenə də burada yer alması oldu. Heç kimə sirr deyil ki, Elxan Məmmədovun əsas himayədarı məhz Nəsirov idi. Eyni zamanda azərbaycanlı məşqçilərin millidə işləməsinə qarşı çıxan və buna açıq şəkildə mane olan, millinin sükanını bir qayda olaraq əcnəbilərə tapşıran da məhz Nəsirov idi. Məhz onun İK-da mövcudluğu onu deməyə əsas verir ki, millinin yeni məşqçisi də yenə əcnəbi olacaq. Qurban Qurbanov da "Kəpəz"lə oyundan sonra əbəs yerə deməmişdi ki, "deyəsən milliyə yenə əcnəbi məşqçi gətirəcəklər". Buna baxmayaraq, məhz Qurbanovun özünün də İK-da olması pozitiv gəlişmədi. Qurbanov yenidən bu quruma qayıtmağa razıləq veribsə, deməli yüksək səviyyədə təminatı var. Kİ, sözü keçəcək, kəlməsi eşidiləcək.

Maqsud Adıgözəlov, Balakişi Qasımov, Zaur Axdundovun İK-da yer alması da gələcəklə bağlı ümidləri artırır. Adıgözəlovun "Sabah"ı yarandığı gündən bir çox mühüm işlər görüb, klub olaraq böyüyüb, bir sıra uğurlu layihələr reallaşdırıb. Qısası, Adıgözəlovun "Sabah" nümunəsi var.

Balakişi Qasımov da futbolu sevən biridir. İTV-də bir sıra ciddi, uğurlu layihələrin müəllifi olan bu şəxs Murad Musayev kimi məşqçinin "Sabah"a gəlişində əsas şəxs olmuşdu.

Zaur Axundov haqda da daha çox müsbət məlumatlar eşitmişəm. AZAL-ın sabiq prezidentini də futbol idarəçiliyində uğurlu kadrlardan saymaq olar.

Hər halda, yenə deyirəm, mən ümidliyəm. Çox ümidliyəm ki, AFFA-nın yeni heyəti Azərbaycan futbolu üçün ümid işığı yandıra biləcək. Xeyirli olsun, uğurlar!

 

Anar XANLAROV