Növbəti mövsüm I Diviziona 3 yeni komanda qəbul edildi. “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir”. Olunsun, lap yaxşı, biz də illərdi futbol ailəsində bölgə komandaların sayının artırılmasını vacib sayırıq, illərdi bunu deyirik, yazırıq. Bu mənada Naxçıvan, İmişli və Mİngəçevir azarkeşlərini təbrik edirik. O başqa məsələ ki, hər üç komanda AFFA-dan asılı olacaq, federasiyanın diqtəsi ilə oturub-duracaq, hər 3 bölgə komandasında Bakıdan təhkim olunan və burdan deyiləcək sözə qulaq asan adam kuratorluq edəcək. Bir sözlə, hər 3 komanda AFFA-dam tam asılı olacaq. Və bu komandalar I Diviziona sözün əsl mənasında bölgə futbolunun inkişafı, yoxsa kimlərinsə şəxsi maraqlarına görə gətirilib, yəqin ki, yaxın gələcəkdə bunun da şahidi olacağıq. Çünki şəxsən mən, hazırkı AFFA rəhbərliyinin heç bir qərarını və niyyətini səmimi qəbul edə bilmirəm. Hər halda, ümid edək ki, adları çəkilən bölgələrin futbol azarkeşləri sözün əsl mənasında sevinc yaşaya biləcək.

 

 

Gəlirəm yazının əsas məğzinə. Yuxarıda adları çəkilən komandaları I Diviziona buraxan AFFA nədənsə buna daha şanslı hesab edilən “Xan Lənkəran”a bu şansı vermədi. Bəribaşdan deyim ki, şəxsən mənim üçün gözlənilən oldu. Hələ Elxan Məmmədov AFFA-nın anbarında toz basan 10-15 topu əlinə götürüb bölgələrə səfər edəndə, o cümlədən Lənkərana gedib sözügedən klubun rəhbərliyi ilə görüşüb onlara I Divizionla bağlı vəd verəndə də bunların hamısının qeyri-səmimi bir şou olduğunu hiss edirdim. Sadəcə, davamlı bu haqda yazıb cənublu qardaşlarımızın keyfinə soğan doğramaq istəmirdim. Çünki biz illərdi bu şəxsləri tanıyırıq və onların futbol idarəçiliyinə bələdik. Bu siyasət olan yerdə, futbolun inkişafından, sağlam rəqabətdən danışmaq mənasızdır. Şəxsən mən illərdi bunu deyirəm, yazıram. Hələ 2015-ci ildə böyük yazı yazmışdım və orda xüsusi vurğulamışdım ki, hazırkı AFFA rəhbərliyi var olduğu müddətdə müstəqil klublara bu ölkənin futbolunda yer olmayacaq. Səbəb isə çox sadədir: futbol monopolyası. “Xan Lənkəran” niyə I Diviziona buraxılmadı? Çünki klubu təsis edən, ona maliyyə ayıran şəxslərin AFFA-ya heç bir bağlılığı yoxdur, müstəqil şəxslərdi. Deməli, bunların öz siyasəti, öz strategiyası, futbola öz baxış bucaqları var. Və deməli, bu şəxslər və onların idarə etdiyi klub AFFA-nın dediyi ilə oturub-durmayacaq, onlara boyun əyməyəcək. Sizcə, belə bir komandanı AFFA I Diviziona buraxar? Əlbəttə buraxmaz. Çünki bu cür klublar Elxan Məmmədovun maraqlarımna ziddir və onun üçün problem yaradır. Hansı problem? Onu da deyim. Bu gün 3 klubu I Diviziona buraxdı və deyək ki, sabah “Mİngəçevir” yaxud “İmişli” çempion oldu. AFFA-nın sabah əlində səlahiyyət olacaq ki, bu komandaları Premyer Liqaya buraxmasın. Necə ki, illər öncə “Turan Tovuz”u, “Neftçala”nı, “Ağsu”nu buraxmamışdılar. Kim səsini çıxardıb etiraz edə bildi? Heç kim. Niyə? Çünki hamısı AFFA-dan asılı idi, hamısına maliyyəni AFFA ayırırdı. Hamısının idarəçiliyi birbaşa federasiyadan təşkil olunurdu. Ona görə heç birinin çıxıb haqqını tələb etmək kimi bir haqqı yox idi. Pul buraxan mənəm, deyirəm oynama, nə deyəcəksən? Lisenziyalaşdırma oyununu atır ortaya söhbət bağlandı. Amma “Xan Lənkəran”la bağlı vəziyyət başqadır. Dediyimiz kimi, müstəqil komandadır, AFFA-dan asılacağı olmayan şəxs idarə edir. Federasiya da bunu gözəl bilir. Bilir ki, bu komandanı I Diviziona buraxsa, Premyer Liqaya da çıxmaq şansı yüksək olacaq. “Region Liqası”nda oynaya-oynaya Antalyada toplanış keçən komanda, sabah I Divizionda oynasa Avstriyada da toplanış keçə bilər. Beləliklə, çempion olub Premyer Liqaya vəsiqə qazansa, sən onu elitaya buraxmağa məcbur olacaqsan. Müstəqil klubun elitaya gəlişi isə az öncə də qeyd etdim, futbolu məhv edən qüvvələrin maraqlarına ziddir. İllərdi “Qarabağ”ı yıxmaq üçün min bir üsula əl atırlar, bunlara lazımdır daha bir müstəqil klubla özlərinə problem yaratsınlar? Məsələ budur. Yoxsa ay nə bilim 3 il “Region Liqası”nda oynamalısan filan, bunlar hamısı boş-boş bəhanələrdi. Çox mənasız və absurd şərtdir. Hələ bu haqda “Region Liqası” yeni yarananda AFFA-da keçirilən tədbirdə bununla bağlı Ramin Musayevə sual ünvanlamışdım və orda da demişdim ki, şəxsən mən iş adamı olsam və futbol komandası yaratmaq istəsəm, bu şərtlər altında “Region Liqası”na qatılmaram. Deyək ki, mənim əlimdə 5 milyon pul var. Mən o pulu 3 il boş yerə ”Region Liqası”nda xərcləyim, heç 3 ildən sonra da qarant yoxdur ki, məni I Diviziona buraxacaqlar ya yox? 3 ildən sonra da başqa hoqqa çıxardıb yenə maneə yaradacaqlar. Ağlı başında olan hansı adam bunların idarə etdiyi futbola bu şərtlər altında pul yatırar? Müstəqil klublara, iş adamlarına qarşı bu cür haqsızlıq, oyunbazlıq edirlər, sonra da çıxıb ictimaiyyətdə elə görüntü yaradırlar ki, baxın, AFFA olmasa ölkədə futbol batar, AFFA ortada tək qalıb, iş adamları futbola yaxın durmur və s. Daha demirlər ki, yaxın duranları bu üsullarla iyrəndirirlər. Müstəqil sponsor gəlib də niyə yaxına buraxmırsınız? Sual verirəm, “Region Liqası”nda 3 il oynamayan komanda I Diviziona buraxılmırsa, o zaman Elxan Məmmədov Lənkərana səfər edəndə niyə bununla bağlı vəd verirdi? Elə onda hər şeyi açıq şəkildə deyərdi, camaat da işini bilərdi də. Əslində mən ilk növbədə “Xan Lənkəran” rəhbərliyini qınayıram ki, belə bir adamın sözünə inanıb onun ipi ilə quyuya endilər. Hər halda, düşünürəm ki, ruhdan düşmək yox, mübarizəni davam etdirmək lazımdır. Ölkə başçısına ünvanlanan müraciət də çox vacib addım idi. Çox ümid edirəm ki, bu müraciətin də faydası olacaq və biz yenidən Lənkəranı böyük futbolda görəcəyik.

 

Anar XANLAROV