AFFA-nın qərarı Gəncə futbolunu iflic etdi: 30 komanda çempionatdan imtina edir
- 23 Okt 2021 12:00
- 1270
Xəbər verdiyimiz kimi, AFFA Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin balansında olan uşaq komandalarına maliyyə yardımını dayandırıb. Hansı ki, bu günə qədər bölgələrdəki uşaq komandaları oyunlara federasiyanın həftəlik ayırdığı maliyyə ilə gedirdilər. AFFA üçün də böyük məbləğ deyildi, 40-60 manat arası vəsait. Amma yeni Gənclər və İdman Naziri Fərid Qayıbovun futbolun problemlərini qabartması, şəxsən AFFA-ya gəlib problemləri yerindəcə araşdırması federasiya başbilənlərinin, xüsusilə də əsas idarəçi Elxan Məmmədovun xoşuna gəlməyib və onlar da prinsipə düşüb iki nazirliyə qarşı birdən cəbhə açmaq qərarına gəldilər. Bu çəkişmənin necə sonlanacağını bilmirik, amma bildiyimiz odur ki, dəyən yenə Azərbaycan futboluna dəyəcək. Çünki AFFA-nın bu qərarından sonra bir çox bölgədən olan uşaq komandaları çıxılmaz vəziyyətdə qalıb. Uşaqlar pul olmadığı üçün oyunlara gedə bilmirlər.
Rekord.az-a daxil olan məlumata görə, ölkənin əsas futbol şəhərlərindən olan Gəncədə də vəziyyət acınacaqlıdır.
Belə ki, bu şəhərdə fəaliyyət göstərən UGİM və Təhsil-in tabeliyində olan 30-a yaxın uşaq komandası 3-cü turdan etibarən çempionatı boykot etməyə qərar verib. Çünki federasiya pulu kəsəndən sonra onsuz da oyunlara getməyə yol pulu tapmırlar.