Bir müddət bundan əvvəl Şamaxı stadionunun yenidən qurulması işlərinə start verildi. Hələ mart ayından bununla bağlı açıqlama yayılmışdı. Əvvəl stadionu AFFA-nın tikəcəyi deyilsə də sonradan məlum oldu ki, federasiya yalnız örtüyün xərcini çəkəcək. Qalan bütün tikinti işlərini Şamaxı rayon rəhbərliyi aparacaq. AFFA-nın birdən-birə futbol bölgəsi sayılmayan bu rayona üz tutması maraqlı göründü. Çünki hələ stadion söhbəti çıxmmaışdan əvvəl Şamaxıda yeni komanda yaradıldı və “Region Liqası”nda çıxış etməyə başladı. Özü də sözügedən turnirdə oynayan komandalar arasında iddiası ilə seçilirdi. Çempionat ləğv edilməsəydi ən azı ilk 3 yerdən birini tutacaqdılar. Maddi durumları da pis deyil, baş məşqçi postuna da sabiq milli üzvü Kənan Kərimov gətirilib. Komandanın Şamaxıda İmişli komandası ilə keçirilən oyununa AFFA-nın həmin vaxt baş katibi kimi çalışan Elxan Məmmədovun getməsi və oyunu canlı olaraq tribunadan izləməsi də az şeydən xəbər vermirdi. Görünürdü ki, federasiyanın Şamaxı ilə bağlı hansısa planı var. Az sonra məlum stadion söhbəti ortaya çıxdı. Hətta yayılan xəbərlərə görə, “Şamaxı”nın növbəti mövsümdən I Divizionda oynaması da mümkündür. Təbii, indiki halda yeni mövsüçm üçün bu, inandırıcı görünmür. Çünki stadion ən azı gələn il hazır olacaq və “Şamaxı”nın I Divizionda iştirakı da 2021-ci ildə daha real görünür. İstənilən halda, hansısa bölgəmizdə stadion tikilməsi, komanda yaradılması alqışlanmalıdır. Amma...

Nədənsə hansısa işin altında AFFA-nın əli varsa, adam o işə şübhə ilə yanaşır. Çünki bir işdə ki, biznes marağı yoxdursa, federasiya, xüsusilə də Elxan Məmmədov o işə qol qoymaz. Əgər futbolun inkişafını düşünürlərsə, o zaman “Bakı”nın bazası məhv ediləndə səslərini çıxarmalı idilər. Deyə bilərsiniz ki, ora AFFA-nın heç bir aidiyatı yoxdur, amma elə deyil də. Bir yerdə ki, o boyda baza, stradion göz görə-görə bulduzerin qabağına verilib yerlə yeksan olunur, futbol federasiyası buna biganəı qalmamalıdır. Çünki vaxtlı ilə həmin baza AFFA-nın əlindən o qədər tutub ki. 2012-ci ildəki qızlar arasında dünya çempionatını federasiya elə “Bakı”nın bazasının hesabına yüksək səviyyəıdə keçirdi. Həm əgər AFFA o bazanın dağılmasında maraqlı olmasa, müəyyən işlər aparıb özü ora sahib çıxardı heç imkan verməzdi ki, hansısa türk şirkəti oranı alıb yerində yaşayış kompleksi tiksin.

İkincisi, ötən gün Heydər Əliyevin adını daşıyan İmişli stadionunun acınacaqlı durumunu əks etdirən video və fotolar paylaşdıq. Bir vaxt beynəlxalq oyunlara ev sahibliyi etmiş stadion dağıla-dağıla gedir. Başa düşürük, o stadionun da AFFA-ya aidiyatı yoxdur. Amma digər tərəfdən, ölkədə futbolla bağlı nə varsa o həm də elə AFFA-ya bağlı sayılır. Yəni federasiya istəsə bu məsələyə də qol qoyub İmişli stadionuna da yardım əlini uzada bilər. Guya Şamaxı stadionu AFFA-nındır? Orda da icra hakimiyyəti ilə müştərək iş görülür. Deməyim odur ki, eyni işi İmişlidə də etmək olardı. Bu mənada AFFA-nın birdən birə Şamaxı rəhbərliyi milə işbirliyinə girməsi, bu rayonda futbol üçün sərmayə qoyması maraq doğurur. Olsun, sözümüz yox, yenə deyirəm, təki daha bir bölgəmizdə futbol dirçəlsin, stadion tikilsin, komanda olsun.

Amma təəssüf doğuran Şamaxı stadionunun örtüyünü süni edilməsidir. Hər kəs bilir ki, Şamaxı ölkənin gözəl guşələrindən biridir. Gözəl və səfalı təbiəti var. Belə bir yerdə süni örtük salmaq kimin marağına xidmət edir? Niyə Şamaxı kimi yerdə stadionun örtüyü sünji olmaldıır. Yenə gəncləri zəhərləmək. Onları zədəyə məhkum etmək kimin başının altından çıxdı? İlləri Sumqayıtda, “Şəfa”da, Mərdəkanda, Bayılda bunu etdiniz və nə qədər gənci, yeniyetməni sağlamlığından etdiniz. UEFA-nın müdaxiləsi olmasa “Dalğa Arena” və “Kapital Bank Arena” hələ də süni örtükdə qalacaqdı. İndi eyni “oyun”u Şamaxıda niyə oynayırsınız?

 

Anar XANLAROV