AFFA özünü "yandırdı": xəbərləri olmayan piketə fotoqraf göndəriblər
- 19 Okt 2019 14:00
- 957
Macarıstanla oyun ərəfəsində yığma üzvlərinin kostyumda kollektiv şəkil çəkdirməsi bir çoxları tərəfindən təəccüblə qarşılandı.
Rekord.az xəbər verir ki, qara kostyum və qara köynəkdə bir araya gələn futbolçular hansısa binada kameralar qarşısına keçiblər.
Fotosessiyanın hansısa layihənin tərkib hissəsi olduğunu düşünüb AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Assosiasiya rəsmisi məsələyə belə reaksiya verdi: “Təxminən bir ildən artıqdı ki, AFFA Türkiyənin məşhur geyim istehsalı ilə məşğul olan “Damat” şirkəti ilə əməkdaşlıq edir. Macarıstanla oyun ərəfəsində, Budapeştdə məskunlaşdığımız otelin girişində pilləkanlərdə gözəl görüntü ola biləcəyini nəzərə alıb, belə şəkil çəkilməsinə qərar verildi. Yəni burda heç bir yeni layihədən və ya hansısa şirkətlə yeni əməkdaşlıqdan söhbət gedə bilməz”.
Ötən sayımızda bir qrup azarkeşin Niderland Krallığının ölkəmizdəki səfirliyinin qarşısında piket keçirdiyini xəbər vermişdik. Piket iştirakçıları Avropa çempionatının seçmə mərhələsinin Macarıstan – Azərbaycan matçının 90+3-cü dəqiqəsində hollandiyalı baş hakim Dennis Hiqlerin Bəhlul Mustafazadənin vurduğu qolu heç bir əsas olmadan ləğv etməsinə etiraz ediblər. Firuz bəylə söhbətdə piketin kimlər tərəfindən təşkil olunduğuna da aydınlıq gətirməyə çalışdıq: “Qeyd etdiyiniz piket azarkeşlərin təşəbbüsü ilə keçirilən aksiyadı. Yəni təşkilatçı AFFA deyil. Doğrudu, orda bizim fotoqraf da olub. Çünki əvvəlcədən səfirlik qarşısında belə aksiyanın keçiriləcəyindən xəbərimiz var idi. Bilirsiz ki, AFFA-da azarkeşlərlə ünsiyyətdə olan əməkdaşlar var və informasiyanı da onlara çatdırmışdılar. Biz isə, sadəcə, fotoqrafı ora göndərdik ki, aksiyadan şəkil çəkilsin və nə vaxtsa lazım olsa, arxivimizdə olsun”. ("Futbol plus" qəzeti)