Azərbaycan Premyer Liqası oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (gross), referi köməkçilərinə isə 700 AZN (gross) məvacib ödəniləcəyi bildirilib.

- Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.
 
- Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.
 
- Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (gross), referi köməkçilərinə isə 700 AZN (gross) məvacib ödəniləcək.
 
- Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.
 
- Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.
 
- Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər.
 
- Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.
 
- Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunur. Zərurət olacağı təqdirdə AFFA prezidenti və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.
 
- Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.