AFFA iyunun 21-də startı verilməsi gözlənilən Premyer-Liqanı ləğv etmək fikrinə düşüb. Qərar hələ rəsmi deyil, ancaq bu fikir qurumun divarları arxasında ciddi müzakirə olunmağa başlanıb. 
Səbəb? Çox sadə: Nazirlər Kabinetin yanında Operativ Qərargahın tətbiq etdiyi həftədə iki günlük sərt karantin rejimi komandaların hazırlığına mane olurmuş, təqvimi düzəltmək olmurmuş, futbolçuların sağlamlıqlarına zərər dəyə bilərmiş... 
Bəhanələrə bax!
Bəs bu komandalar 3 aydı onlayn məşqlərlə özlərinə niyə zülm verirdi? Bu boyda həngamə olacaqdısa, niyə ləğv qərarı vaxtında verilmirdi? 
Təqvim Mendeleyev cədvəli deyil ki, hər maddənin mütləq öz yeri olsun. Klublarımız 4 gündən bir yox, üç, ya 2 gündən bir oynasalar nə faciə baş verəcək ki? Onsuz da, Premyer-Liqanın tempi heç vaxt yüksək olmayıb, rəqabət də ki... Çempion məlum, gümüş medalçı məlum, bürünc medalçı məlum. Qalıb bir dənə 4-cü yerin sahibini müəyyən etmək, ki, onu da bacarmayacağıqsa, bu işlə niyə məşğul oluruq, niyə maaş alır, niyə o kabinetlərdə otururuq?
Daha doğrusu, otururlar, oturursunuz?
Bəli, həftədə iki günlük fasilə məşq prosesini və təqvimi nizamlamaqda çətinliklər yarada bilər. Amma çıxış yolu da yetərincədi. Məlum olduğu kimi, karantin rejimi “narıncı klasterlər” üçün tətbiq edilib. Ora da Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu daxildir, bu dəfə də Kürdəmir, Yevlax, İsmayıllı və Salyan əlavə edildi. Ancaq Azərbaycan bu şəhər və rayonlardan ibarət deyil. Qəbələ, Zaqatala, Tovuz, Mingəçevir, Bərdə, Qusar, Şamaxı və digər futbol şəraiti olan yerlərdə çox rahatlıq toplaşmaq, çempionatı rahatlıqla başa vurmaq olar. Əsas odu ki, istək olsun.
Operativ Qərargahda oturan şəxslər boş adamlar deyillər və Premyer-Liqanın keçirilməsinə razılıq verərkən “yüz ölçüb, bir biçiblər” və Azərbaycan futbolunun önündə yaşıl işıq yandırıblar. Bu, həm də bir böyük bir etimaddır. Uzun danışıqlardan sonra alınan razılıq hər şeyi relsinə qaytarmağa, ölkədəki staqnasiyanı aradan qaldırmağa göstərilən istiqamətdir. 
Unudulan bir məqam var – AÇ-2020. Avropada onsuz da çox böyük hörmətimiz yoxdu, indi də imicimizə futbolla, daha dəqiq desək, futbolsuzluqla zərbə vurmaq istəyirlər? 8 turu keçirə bilməyən ölkə gələn il Avropa çempionatının final mərhələsinin 4 oyununu necə keçirəcək? Bu nə hazırlıqsızlıq, bu nə bacarıqsızlıqdı? 
Bu imkan boşa verilsə, növbəti dəfə özümüz istəsək belə ölkə rəhbərliyi “keçən dəfə şans yaratdıq, özünüz yararlanmadız” deyib, əks qərar verəcək. Düz də edəcəklər.
Nə qədər gec deyil, bu absurd ləğv fikrindən daşınmaq lazımdı. 
Sonda isə hazırda çempionatları davam edən və qarşıdakı bir həftə içində bərpa olunacaq digər ölkələrin ümumi siyahısını təqdim edirəm. Ümid edirəm ki, ləğv fikrinin tərəfdarları bu siyahını sona qədər oxuyub, utanacaqlar:
Belarus, Almaniya, İspaniya, İtaliya, Bolqarıstan, Çexiya, Serbiya, Rusiya, Gürcüstan, Türkiyə, Avstriya, Finlandiya, Portuqaliya, Estoniya, İsrail, Slovakiya, Ukrayna, İsveçrə, Polşa, Rumıniya, Farer adaları, Vyetnam, Yunanıstan, İslandiya, Sloveniya, Macarıstan, Monteneqro, Kosta-Rika, Suriya, Türkmənistan, Danimarka, Polşa, Kanada, Türkiyə, Litva, Kosovo, Cənubi Koreya və ERMƏNİSTAN!

Kənan Məstəliyev, “Rekord.az”