AFFA-nın təşkilatçılığı ilə bu gün Qəbələdə, iyunun 8-də isə İsmayıllıda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil ediləcək yarışda Qəbələnin 8, İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə isə İsmayıllının 8 komandası mübarizə aparacaq.

Hər region üzrə qrup və final oyunları eyni gündə baş tutacaq. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri”nin davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.