Son iki mövsümdə “Qəbələ”nin maliyyə cəhətdən ağır günlər keçirdiyindən hamının xəbəri var. Klubun təsisçisi Tale Heydərov əlini klubun üzərindən çəkəndən sonra “qırmızı-qaralar”ın büdcəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşüb. Elə bu səbəbdəndi ki, daim iddialılar arasında görməyə adət etdiyimiz bölgə təmsilçisi istər 2018/19, istərsə də 2019/20 “futbol ili”ndə böyük çətinliklərlə başabaş qaldı, aparıcı futbolçular düşərgəni tərk etdi, səviyyəli legionerlər başqa klublara üz tutdular. Ağır maddi duruma baxmayaraq, “qırmızı-qaralar” 2019-da tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırmaqla mövsümü titulla başa vurmağı bacardısa, pandemiya səbəbindən yarımçıq başa çatan çempionat qəbələli azarkeşlər üçün qanqaraldıcı oldu. Elmar Baxşıyevin çalışdırdığı kollektiv turnir cədvəlinin sonuncusu oldu.

 


Ötən saylarımızın birində “Qəbələ”nin yeni mövsümdə fəaliyyət göstərməsinin böyük sual altında olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, əksər əməkdaşlarını ixtisara salan, akademiyada çalışan bəzi məşqçiləri öz hesabına məzuniyyətə buraxan klub bu gedişlə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq, futbol qəbiristanlığında özünə məzar yeri axtaracaq.
Ancaq bugünlərdə bizə ötürülən məlumata əsasən ölkə kubokunun son qalibinin ağır günləri başa çatmaq üzrədi. Belə ki, AFFA İcraiyyə Komitəsinin son toplantısında gündəliyə çıxarılan məsələlərdən biri də “qırmızı-qaralar”ın gələcək taleyi olub. Uzun sürən müzakirələrdən sonra başbilənlər “Qəbələ”nin yaşamasına qərar veriblər və bunun üçün lazımi tədbirlərin görülməsi qərara alınıb. Mənbəmizin sözlərinə inansaq, AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi əsasında “Futbolun İnkişafına Dəstək Fondu”ndan bölgə klubuna 1 milyon 500 min manat vəsait ayrılacaq.

 


Deyilənlərin nə dərəcədə düz olub-olmadığını bilmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Ancaq Zaur bəy sözügedən məsələ ilə bağlı geniş açıqlama vermədi: “Bəli, belə bir söhbət var. Bununla bağlı klubun prezidenti Fariz Nəcəfov ilə AFFA rəhbərliyi arasında görüşlər və danışıqlar davam edir. Konkret məbləğə gəlincə, bununla bağlı dəqiq nəsə deyə bilməyəcəm. Yəqin ki, danışıqlar yekunlaşandan sonra bu haqda fikir bildirmək olar”.

 


Xatırladaq ki, “Qəbələ” ötən ilin dekabrında “Jalə” şirələri, bu ilin əvvəlində “Mila” süd məhsulları ilə sponsorluq müqaviləsi bağlamışdı. AFFA-nın da kluba maliyyə yardımı edəcəyini nəzərə alsaq, belə çıxır ki, “qırmızı-qaralar” yeni mövsüm üçün normal büdcəyə sahib olacaq. Əzizov bu haqda danışmağın hələ tez olduğunu bildirdi: “Adını çəkdiyiniz şirkətlərlə də müzakirələr olacaq. Onların da fikirlərini öyrəndikdən sonra yeni mövsümdə maliyyə durumumuzun necə olacağını demək mümkündü”.
Baş menecerlə söhbətdə komandanın toplanışa nə vaxt başlayacağını, heyətin formalaşdırılması yönündə hansı addımların atıldığını da öyrənməyə çalışdıq: “Mütəmadi olaraq baş məşqçimizlə əlaqə saxlayıb fikir mübadiləsi aparırıq. Yəqin ki, yaxın günlərdə komandanın hazırlığa nə vaxt başlayacağı məlum olacaq. O ki qaldı heyətin formalaşmasına, hər şey büdcə müəyyənləşəndən sonra bəlli olacaq. Onda biləcəyik ki, klubla müqaviləsi olan legionerlərlə yola davam edəcəyik, yoxsa kollektiv sırf yerli futbolçulardan ibarət olacaq”. ("Futbol plus" qəzeti)