Ötən həftə İrəvanda keçirilən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Alaşkert” – “Şerif” matçında növbəti təxribat baş verib.

Oyun zamanı stadionda qondarma “Artsax” bayrağı asılıb. UEFA-nın özünün belə tanımadığı bir dövlətin bayrağının tribunada olması isə heç bir məntiqə sığmır. Bu əski parçasının tribunada asılması bir kənara, ora necə keçirilməsi maraqlıdı. Halbuki ertəsi gün “Qarabağ”ın Bakıda Konfrans Liqası oyunu var idi və “İmarət Tayfa”nın şəhid qəhrəmanlarımızın xatirəsinə hazırladığı pankart UEFA tərəfindən stadiona buraxılmadı. Səbəb kimi futbola aid olmayan pankart olduğu göstərildi. Bəs tanınmayan, qondarma bir qurumun əski parçasının futbola aidiyyatı nədi?

Bu məsələ sosial şəbəkələrdə də müzakirəyə səbəb oldu. Və əksəriyyət AFFA-nın hərəkətə keçməli olduğunu önə çəkdi. Yəni assosiasiya UEFA qarşısında məsələ qaldırmaqla günahkarların cəzalandırılmasına çalışmalıdı. Dünən əlaqə saxladığımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqlər Departamentinin rəhbəri Firuz Abdulla qısaca UEFA-ya müraciət etdiklərini söylədi. ("Futbol plus")