AFFA rəsmiləri Portuqaliyada seminarda iştirak edirlər
- 13 Mar 2024 15:45
- 219
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək və Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan seminarda iştirak edirlər.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, texniki təlimatçılar üçün keçirilən kurslarda oyun qaydalarının vahid və ardıcıl yozumuna, tətbiqinə nail olmaq, UEFA-nın yeni tədris materiallarını qəbul etmək və onlarla tanışlıq, hakim təlimatçıları şəbəkəsinin gücləndirilməsi kimi mövzular müzakirə olunur.
Kursun proqramı üç əsas hissədən ibarətdir. Bunlar UEFA-nın yeni tədris materialının təqdimatı, ölkədaxili yarışların iştirakçıları tərəfindən videokliplərin və VAR spesifik mövzularının müzakirəsidir.
Bundan əlavə, tədbirdə fitnes testi prosedurlarının nəzərdən keçirilməsi, yenilənməsi, hakim konvensiyasının yeniləmələri, AÇ-2024 üçün fiziki gözləntilər, "Chatgpt" (süni intellek) istifadə etməyin müsbət və mənfi cəhətləri, inteqrasiya edilmiş Hakim Təlim sessiyaları, UEFA20 Nümayişləri haqqında yenilik və Avropa üzrə hakim fitnes təlimatçıları ilə "ən yaxşı təcrübələri"nin paylaşılması kimi məsələlərə toxunulur.