Ötən saylarımızda “Minay”ın şərəfini qoruyan Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin milli komandanın uğurları üçün çalışacaqlarını yazmışdıq. Amma Canni de Byazi Ukrayna təmsilçisinin bombardirini dəvət etsə də, Əhmədzadənin adı 30 nəfərlik siyahıda yer almadı. Forvard 21 yaşlı futbolçulardan ibarət komandanın təlim-məşq toplanışında da iştirak etmir.

Məsələ ilə bağlı redaksiyamıza məlumat daxil olub. Əhmədzadə əsas millidə yox, bir müddət U-21-də çıxış edəcək. Belədisə, Milan Obradoviç hücumçunu yığmanın düşərgəsinə niyə dəvət etməyib? Serbiyalı mütəxəssis sualımızı belə cavabladı:

“Milliyə dəvət olunanların siyahısına baxsaz, görəcəksiz ki, orda yer alanların hamısı daxili çempionatda çıxış edən oyunçulardı. Ölkə xaricindən heç kim yoxdu. Hamıya da bəllidi ki, UEFA-nın bu məsələrlə bağlı xüsusi qaydaları var. Avropanın futbol çempionatlarında milli komandalarla bağlı fasilə martın 22-23-dən veriləcək. Bu müddətdən öncə kimisə dəvət etsəm, gələ bilməyəcəklər. Çünki öz klublarında çıxış etməlidilər. Biz isə martın 15-dən təlim-məşq toplanışına start vermişik. Hazırkı siyahıda ancaq yerli çempionatda çıxış edən futbolçular yer alıb. Onlara bir çox şeyləri izah etmək lazım idi. Yeni biliklər öyrənməlidilər. Əsas milli komanda üçün yaranan fasilədən biz də faydalanmağa çalışdıq. Mənə şəxsən maraqlıdı ki, premyer-liqada və 1-ci divizionda çıxış edən futbolçularımız hansı səviyyədədi. Ölkə xaricində olanları da yoxlamaq istəyirik. Lakin klubları onları buraxmaq istəmirlər. Yalnız Samet Karakoçun çıxış etdiyi komanda düşərgəmizə yollanmasına icazə verdi. O da bu gün komandaya qoşulacaq. Digər futbolçular isə fasilədən öncə bizə qoşula bilməyəcəkdilər. Onların klubları buna icazə vermədilər. Əlbəttə, mən də Rüstəmi sərəncamımda görmək istəyərdim. Tək Rüstəmdən yox, Ukraynada, Türkiyədə, Rusiyada çıxış edən futbolçulardan da faydalanmaq niyyətindəyəm. İndiki halda isə mümkün olmadı. Biz də buna görə premyer-liqada çıxış edən futbolçulardan yararlanmağa qərar verdik. Məhz bu səbəbdən Rüstəm Əhmədzadə milliyə qoşula bilmədi”. ("Futbol plus")