AFFA Tovuzda nə açıb: Akademiya, yoxsa otel?
- 09 Mar 2021 12:55
- 2111
2017-ci ilin dekabr ayının 20-də köhnə Bayıl stadionunun təmirdən sonra açılışı oldu. Mən sizə bu idman qurğusunu “dədə-baba adı”yla ona görə təqdim edirəm ki, hər kəsə söhbətin hardan getdiyi məlum olsun. Biz eyniadlı qəsəbədə yerləşən stadionu o adla tanımışdıq. Sonra da bu idman qurğusu AFFA-nın nəzarətinə verildi, adını da dəyişib “Bayıl Arena” etdilər. SOCAR-ın pulu, UEFA-nın maliyyə yardımı ilə stadionun ərazisindəkli binanın üstünü bir mərtəbə artırdılar, yan yörəsini rənglədilər və adını bir az da qəlizləşdirdilər. 3 il bundan əvvəlki açılış mərasimində bu idman qurğusuna “Bayıl Məşq Mərkəzi” adı verildi.
Həmin gün keçirilən açılış mərasiminə şəxsən AFFA prezidenti Rövnəq Abdullayev qatılmışdı. Onunla birlikdə AFFA İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov əllərinə qayçı götürdülər və qırmızı lenti kəsdilər. AFFA-nın baş katibi Elxan Məmmədov da onların önünə düşdü, binanın “artırması” ilə tanışlıq başladı. Məmmədovun qonaqlara verdiyi məlumatda bildirilirdi ki, AFFA ilə qarşılıqlı razılıq əsasında “Bayıl Məşq Mərkəzi”ndən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər, otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür. Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək. Sitatın sonu!
Yaradılan şərait imkan verirdi ki, həmin o 16 otağa bölgələrdən 36 yeniyetmə futbolçu gətirsinlər. Onların qidalanmasının, təhsilinin, məşq etməsinin qayğısına qalsınlar. Heç şübhəsiz ki, o 36 nəfərlə düzgün iş aparılsaydı, onların azı 10 nəfəri gələcəkdə yaxşı futbolçu olardı. AFFA da Riad Rəfiyevin başçılıq etdiyi menecer-səyyahlar qrupunu Ukraynadan, Dağıstandan, Türkiyədən futbolçu gətirməyə göndərməzdi, milli komandalarımızın formasını xalis azərbaycanlı balaları geyinərdi. O otaqlarda kim yaşayır, camaşırxanada kimin paltarları yuyulur? Taleyin istehzasıdı ki, AFFA-nın nəzarətində olan, Bayıldakı stadion peşkəş edilən “Səbail”in özünün heç əvəzedici komandası yoxdu.
Oxşar proses Tovuzda açılan və adı gurultulu səslənən futbol akademiyasıyla bağlı da yaşanır. Bu ilin yanvarında Tovuzda, “Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib. Amma AFFA bu tikilini millinin aşağı yaş qrupları üçün otel kimi istifadə etməyə başlayıb. O gün bu gündü aşağı yaş qrupları üzrə milliləri qışın bu soyuğunda Tovuza, qarın-çovğunun içinə göndərirlər. Uşaqlar da orda fitnes zalında qantel dartmağla başlarını qatırlar. Akademiya dediyin Qəbələdəki kimi olar. Bölgələrdəki istedadlı uşaqları peşəkar məşqçilərin nəzarətinə verərlər. Bu gündən Tovuzda U-19 millisinin toplanışı başlayıb, gözə xoş gəlmək üçün toplanışa “Turan Tovuz”dan Sənan Aslanovu da çağırıblar. AFFA bir qərara gəlsin, desinlər, biz də bilək: Tovuzda açılan millilər üçün oteldi, yoxsa futbol akademiyası?