"Turan Tovuz" ötən mövsümlərlə müqayisədə bu mövsüm çox zəif görünür. Tovuzluların elə ilk turda evdə MOİK-ə 0:2-lik məğlubiyyəti də bunun sübutu sayıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, bu il Tovuzda klub üçün akademiya tikən AFFA əvəzində I Divizionda iştirak üçün böyük büdcə ayırmayıb.

Hazırkı büdcə ilə kənar yerdən, xüsusilə Bakıdan Tovuza güclü futbolçu gətirmək mümkün deyil. Üstəlik, komandanın çempion olacağı halda Premyer Liqaya yüksələcəyinə də heç kim zəmanət vermir. Məhz bu səbəbdən "Turan Tovuz" rəhbərliyi daha çox yerli və eyni zamanda təcrübəsiz futbolçulara bel bağlayıb. Kənardan daha yüksək maaşlı futbolçu dəvət etmək mümkün olmayıb. Bu mənada yeni mövsümdə "Turan Tovuz"dan hansısa yüksək nəticə gözləməyin də mənası yoxdur.