AFFA Türkiyə millisinə düşə bilməyənləri Azərbaycan millisinə dəvət edəcək?
- 21 Dek 2020 11:00
- 679
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun son Türkiyə səfəri və yerli futbol federasiyasının prezidenti Nihat Özdemirlə görüşünün bəzi mətləbəri məlum olub.
Rekord.az xəbər verir ki, TFF-dən Azərbaycan yığmalarına dəvət almaq şansı olan futbolçuların müəyyənləşdirilməsində AFFA-ya yardım göstərməsi istənilib.
Bunlar o futbolçulardır ki, yaxın illərdə Türkiyə millilərinə cəlb edilməsi planlaşdırılmır. Burada mövzu U-19, U-21 və əsas komandalardır. TFF AFFA-nın bu müraciətinə müsbət yanaşıb.
Millimizə kənardan yeni futbolçuların cəlb olunması AFFA rəhbərliyi ilə Canni De Byazinin arasında keçirilən görüşdə razılaşdırılıb.
Söhbət ölkə xaricində dünyaya gələn və çıxış edən soydaşlarımızdan gedir. Avqustdan bəri yığmada işə başlayan italyanın heyətin gücləndirilməsinin vacibliyini qeyd edib.
O, əsasən Premyer Liqa klublarının təmsilçilərindən formalaşdırılan komandanın hansısa ciddi hədəflər uğrunda mübarizə aparmasının çətin olduğunu vurğulayıb.
64 yaşlı çalışdırıcı müxtəlif ölkələrdə yaşayan əslən azərbaycanlı futbolçuların millini gücləndirə biləcəyini söyləyib.
Bu görüşmənin nəticəsi olaraq, Rusiya və Ukraynanın həm yüksək, həm də aşağı dəstə klubblarında forma geyinən gənc həmyerlilərimizin siyahısı hazırlanıb.
O cümlədən, Türkiyə və Almaniya doğumlu bir qrup futbolçunun adı (hansılar ki, Azərbaycanın şərəfini qoruya bilər) həmin siyahıya əlavə edilib.
De Byazi bu ilin sonunadək onların oyunlarını nəzarətdə saxlayıb, bir qədər də əlavə məlumat toplayandan sonra seçim etməlidir. AFFA isə yanvardan başlayaraq, həmin futbolçularla danışıqlara keçəcək və Azərbaycan yığmasının şərəfini qorumağa razı salmağa çalışacaq. (sportinfo.az)