Son 2 tsikldə cəmi 1 xal toplayan milli komandamızın uğursuzluğuna don geyindirməyə çalışan AFFA rəqəmlərlə ifşa olunmalıdı. Müqayisə üçün dünya çempionatının Avropa zonası üzrə pley-offa vəsiqə qazanan Şimali Makedoniyanın götürülməsi kifayətdi. Cırtdan Lüksemburqa 2 dəfə uduzan, qələbəyə həsrət millimizin nəticələri hara, dövlət qayğısına görə bizimlə müqayisə olunması belə mümkünsüz görünən makedoniyalılar hara?

Şimali Makedoniyanın  ərazisi Azərbaycanın ərazisində 3,5 dəfə azdır. Bu ölkədən əhali sayına görə 5, ÜDM həcminə görə 4, büdcəyə görə 5 dəfə öndəyik.

Futbol təsərüfatına gəldikdə isə, Makedoniyada peşəkar yarışlar 5 divizionda keçirilir.

1-ci divizion: 12 klub iştirak edir – onlardan 4 klub paytaxtı, 8  klub isə regionları təmsil edir.

2-ci divizion: Şərq və Qərb konfranslarında hərəsində 10 olmaqla, ümumilikdə 20 klub iştirak edir , hamısı da regionları təmsil edir.

3-cü divizion: 5 konfransda yarışlar keçirilir. Çempionatda 65 klub iştirak edir və onlardan 5-i paytaxtı , 60-ı regionları təmsil edir.

4-cü divizion: 25 bələdiyyə futbol assosasiyası tərəfindən təşkil olunur, kütləviliyin böyüklüyü üzündən say dəyişkəndi.

5-ci divizion barədə məlumat tapmaq mümkün olmadı.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda Premyer Liqada 8 klub var, I divizionda klub çatışmazlığı üzündən elitadakıların əvəzediciləri digər 5 komandaya qoşulub. Region Liqası isə müxtəlif peşə sahibi olan həvəskarlar futbolçulardan təşkil olunub – buradan kiminsə peşəkar klublara yüksəlməsi mümkünsüzdü.

Azərbaycandan fərqli olaraq, Makedoniyada hər klub öz şəhərində baza salıb və orada məşq edir. Onların hamısının öz stadionu var.

Elita klublarının büdcəsi maksimum 5 milyon manatdır. Makedoniyanın lider klubları maliyyə baxımından yalnız bizim autsayderlərlə müqayisə oluna bilər. Məsələn, hazırda son pillələrdə yer alan “Keşlə”nin büdcəsi 5-6 milyon manatdısa, son pillədəki “Sabah” bunun 3-4 qatı ilə idarə olunur.

Bütün bunları nəzərə alaraq, yekun mənzərəyə üzülməliyik. Belə ki, Şimali Makedoniya millisi Blaqoy Milievski kimi yerli məşqçinin başçılığı altında Almaniyanı səfərdə yenir, DÇ-2022-nin pley-offuna vəsiqə qazanır, illərdi əcnəbilərə milyonlar dağıdan Azərbaycan yığması isə qrupda cəmi 1 xal qazanır.

ƏZİZ RƏSULOV