Pandemiya dövründə AFFA-nın yenə öz siyasətinə sadiq qalaraq, millini əcnəbi məşqçiyə tapşırması o qədər də təəccüblü olmadı. Təəccüb doğuran bu böhran vaxtında federasiyanın Di Byaziyə verəcəyi pulu hardan tapmasıdır. çünki SOCAR-ın indiki durumda 1 milyona yaxın pulu 65 yaşlı italiyana verəcəyi inandırıcı görünmür.

 

Rekord.az-a daxil olan məlumata görə, federasiya rəhbərliyinin köməyinə UEFA-dan ayrılan pullar gəlib.

 

Belə ki, Avropanın ali futbol qurumu pandemiya səbəbindən bütün yerli federasiyalara pul yardımı etmişdi. O cümlədən AFFA-ya da UEFA-dan 4.3 milyon avro vəsait daxil olmuşdu. Əslində bu vəsait koronavirusun futbola zərbələrinin təsirini azaltmaq üçün ayırılmışdı. Təbii ki, federasiya həmişəki kimi, vəsaiti təyinatı üzrə xərcləməyib. Yalnız 40-50 min manat klubların futbolçularının testdən keçməsinə xərclənib. Qalan pullar isə hesabda qalıb. Di Byaziyə ödəniləcək vəsait də məhz həmin pulların hesabına ödəniləcək.