AFFA və Qarabağ Dirçəliş Fondu arasında Memorandum imzalanıb
- 13 Sen 2021 19:30
- 489
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək. Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək. Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Memorandumun imzalanmasının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün çox vacib və bir o qədər də qürurverici bir hadisə olduğunu ifadə edib və bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına əminliyini ifadə edib. O, hamılıqla işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlərə dəstək olmağın əhəmiyyətini vurğulayıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu təşəbbüsü yüksək qiymətləndirdiyini deyərək, bu mühüm missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya minnətdarlığını bildirib.
“Qarabağı birlikdə daha tez və daha gözəl bərpa edəcəyik”, - deyən Fondun İdarə Heyətinin sədri bütün soydaşlarımızı bu məqsəd uğrunda həmrəy olmağa dəvət edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad etdiyimiz torpaqları indi cəmiyyətimizn iştirakı ilə bərpa etmək vaxtıdır.