AFFA İcraiyyə Komitəsi yeni mövsümün formatı ilə bağlı yekun qərarını açıqladı. Qərara görə, Premyer Liqada sonuncu pilləni tutan komanda I Liqaya düşür. Tam doğru və ədalətli qərar. Pley-off söhbəti həm ədalət prinsipinə zərbə olardı, həm də "Şamaxı"nın haqqına giriləcəkdi. I Liqada ilk 3 yeri tutan komandanın birbaşa Premyer Liqaya vəsiqə qazanması da əla oldu. Ümid edirəm ki, hər üç klub bölgə təmsilçisi olacaq. Maddi-texniki duruma gəlincə, belə baxanda hazırda elitada oynayan əksər klubların da belə problemi var. Onsuz da dövlətin dəstəyi var. Zamanla düzələcək məsələlərdi, əsas odur ki, futbolun coğrafiyası genişlənsin, elitada daha çox bölgə təmsil olunsun. Eyni zamanda I Liqa və II Liqa ilə bağlı qərarlar da şəxsən mənim ürəyimcə oldu. 


O ki qaldı Premyer Liqada 3 dövrəli sistemə, ümumiyətlə, 12 komanda ilə uğurlu format tapmaq çox qəlizdi. Əsas variantlar "altılıq" və "3 dövrəli" sistem idi ki, şəxsən mənə görə, "altılıq"dansa, 3 dövrəli sistem daha uyğundu. 3-cü  dövrədə ev sahibinin püşk yolu ilə təyini mümkün variantlar arasında ən düzgünü idi. 


Qısası, AFFA-nın yeni rəhbərliyi hələ ki, yaxşı gedir. Ən müsbət məqam odur ki, əvvəlki rəhbərlikdən fərqli olaraq, futbol ictimaiyyətinin, medianın da fikirlərinə önəm verirlər. Heç kim AFFA-ya düşmən, müxalif deyil. Bizim tənqidlərimiz, narazılıqlarımız orda oturanların illərdi verdiyi qərarlara idi. Hansı ki, futbola zərbə vururdu. Əgər verilən qərarlar futbolun inkişafına hesablanırsa, ictimaiyyətin fikirlərinə, düşüncələrinə də önəm verilirsə, nəyə görə AFFA-ya, onun rəhbərliyinə düşmən olaq? Doğru qərarı əksinə, dəstəkləmək lazımdı. Növbəti mövsüm Premyer Liqa daha maraqlı olacaq!


Anar XANLAROV