Cahangir Həsənzadənin özünü sübut etməsi üçün daha 2 ay vaxtı var. İyulun 14-dən məsul posta təyinat alan sabiq qapıçı burada daimi qalmaq üçün yoxlanışdadı.

Rekord.az xəbər verir ki, AFFA-nın texniki direktoru Bernhard Lippertlə bitən müqavilə uzadılmadı. Anlaşması bitdiyi üçün yola salınan alman mütəxəssisin səlahiyyətləri müvəqqəti olaraq məhz Həsənzadəyə tapşırıldı.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi olan Cahangir bəyin yeni postda qalıb-qalmayacağını assosiasiyadan dəqiqləşdirmək istədik. Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla sualımıza rəhbərliklə məsləhətləşdikdən sonra cavab verdi: “3 aylıq sınaq müddətidi. Bu müddətdə hər şey yaxşı olarsa, hazırda əvəzləyici kimi çalışdığı vəzifəyə təsdiqlənəcəyi gözlənilir”.

Lippertin rəhbərlik etdiyi qurumla bağlı başqa bir sual da var. Belə ki, alman mütəxəssisin müavini olan Yunis Hüseynov “Keşlə”yə baş məşqçi təyin olunub və postu vakant qalıb. Bəs, onun əvəzinə kim təyinat alacaq? Firuz bəyin cavabı konkret oldu: “Müavin ştatı ləğv olunur, Hüseynovun əvəzinə kiminsə təyinatı gözlənilmir”.

Həsənzadənin uğurlu işləyəcəyinə ümid edir və başqa namizəd olmadığından indidən təyinat münasibətilə təbrik edir, uğur arzulayırıq. İnanırıq ki, 10 ildən çox müddətdə AFFA-da oturub səmərəli fəaliyyət göstərməyən Lippertdən daha faydalı olacaq.

Müavin postuna gəlincə, ömrü 10 ay olan bu ştatın gözdən pərdə asmaq üçün açıldığı bəlli idi. Hüseynov ötən il müsahibələrində tez-tez AFFA-nı tənqid edir, işsiz qalmasına görə narazılığını bildirirdi. AFFA məhz onu susdurmaq üçün bu postu təsis etmişdi. Ötən 10 ayda Yunis bəy heç bir iş görmədən maaş aldı, gününü keçirdi. İndisə onun başqa işi var və qondarma postu ləğv etmək məsləhətdi. (futbolinfo.az)