İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarında əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı veteran futbolçu, daha çox “Şəmkir”dəki çıxışı ilə yadda qalan Əli Abışovdu.

 


“Mənə deyiblər ki, o yasa yox, toyda nağara çalmağa gedir”
“Şəmkir”in şərəfini qoruduğum dönəm idi. Həmin vaxt musiqi aləmində də məşhur idim. Hacıqabul, Şirvan, Kürdəmirin əksər bərkgedən toylarında nağara çalan kimi məni görmək istəyirdilər. Hamıya da əvvəlcədən söz vermişdim ki, sənin toyunda özüm iştirak edəcəm. Elə adamam ki, söz verdimsə, mütləq vədimi tutmalıyam. İndi futbolçularla hər şeyi sənəd üzərində rəsmiləşdirirlər. Bizim vaxtımızda kişi sözü hər şeydən üstün idi. Nə isə, sözümü tutmaq üçün məcbur idim ki, həftədə heç olmasa, bir məşqdən icazə alıb rayona gedəm. Bir gün Ağasəlim Mircavadova yaxınlaşıb, yaxın qohumumun toyunun olduğunu bildirdim. Baş məşqçi “mənim də qohumlarımda toy olur, görürsən ki, getmirəm. Səndən başqa gör neçə nəfər var, hər dəfə kimsə yaxınının, tanışının xeyir işinə getsə, komandada kim qalacaq” deyib, icazə vermədi. Həmin gün axşam icazəsiz özümü rayona çatdırdım, toyda iştirak edib, səhər məşqinə çətinliklə də olsa, qayıdıb gəldim. Ancaq gördüm ki, belə çox davam edə bilməz. Gecə yuxusuz qalanda ertəsi gün məşqdə özümü yaxşı hiss etmirəm, məşqçi də narazılıq edir. Növbəti toy günündən bir gün əvvəl yenə baş məşqçiyə yaxınlaşıb bu dəfə qohumumun rəhmətə getdiyini bildirdim və rayona getmək üçün icazə istədim. Ağasəlim müəllim bu dəfə heç nə demədən icazə verdi. Arxayın şəkildə toya getdim. 3 gündən sonra bir də hüzr adı ilə toy çaldım. Tərslikdən həmin ərəfədə əvəlcədən söz verdiyim adamların toyları ard-arda idi. Bir həftə sonra növbəti dəfə yas adı ilə icazə aldım. Artıq hiss etmişdim ki, baş məşçqçimiz məndən şübhələnir. Kimsə ona mənim hüzr adı ilə toylara getdiyimi çatdırmışdı. Məşqin birində Mircavadov uşaqları başına toplayıb ümumi söhbət edirdi. Birdən gözü mənə sataşdı və “aramızda bəziləri var ki, komandadan çox özünü düşünür. Həmin futbolçu tez-tez qohumlarını bir-birinin ardınca “öldürüb” yas adı ilə icazə alıb məşqlərdən yayınır. Mənə deyiblər ki, o yasa yox, toyda nağara çalmağa gedir. Bu hal bir də təkrarlanacağı halda həmin oyunçunu kollektivdən uzaqlaşdıracam” söylədi. Artıq ox hədəfə dəymişdi. Başa düşdüm ki, Ağasəlim müəllim daha mənə güzəşt etməyəcək. Ondan sonra toy sifarişlərini ancaq boş günlərə götürürdüm.

 


“Molla cərimə zərbəsi vurmağa hazırlaşır, “stenka” qurun”
Bir dəfə doğrudan da qohumda yas düşmüşdü. Rəhmətə gedən də cavan adam idi. İcazə alıb özümü çətinliklə də olsa, dəfn gününə çatdırdım. Elə alındı ki, mən rayona çatana qədər mərhumu qəbiristanlığa aparmışdılar. Mən ora çatanda artıq molla “Quran” oxuyurdu. Rəhmətlik cavan idi deyə, qəbiristanlıqda iynə atsaydın, yerə düşməzdi, hamı da çox pis olmuşdu. Mən də gedib, qəbrin yanında dayananların arasında durmuşdum ki, birdən molla “camaat, zəhmət olmasa, 9 metr aralı çəkilin” dedi. Zalım oğlu elə bil məni gözləyirdi. Nə 5, nə 10, nə 15 metr, konkret 9 metr söyləmişdi ki, özümdən asılı olmayaraq, bir qədər də uca səslə “deyəsən, molla cərimə zərbəsi vurmağa hazırlaşır, “stenka” qurun” söylədim. İndi ora yığılanları saxlamaq olar... Kimi özünü saxlaya bilməyib gülür, kimi də birtəhər özünü sıxıb, ancaq yenə silkələnir. Bir-iki nəfər də çəp-çəp mənə baxıb başını yellədi.

 


“Bəyəm mən qapının ağzında ailəli dayanmışdım?”
Bilirsiz ki, həftədə bir neçə dəfə dostlarla, veteran futbolçularla bir araya gəlib futbol oynayırıq. Ağdamlı “Aptek Fuad” deyilən bir nəfər də var idi ki, həftədə bir dəfə o da bizləri dəvət edirdi ki, gəlin futbol oynayaq. Futbol xəstəsi idi deyə, bütün xərci də özü qarşılayırdı. Meydanın ödənişi, matçdan sonra qonaqlıq, “sauna” – bir sözlə, hər şey mükəmməl səviyyədə. Biz də çalışırdıq ki, oyun vaxtı daha çox ona ötürmə edək və o da qolları vursun. Təbii ki, bunun hamısının arxasında dedyim kimi, oyunsonrası qonaqlıq dururdu. Oyunların birində Fuad yenə qapının önündə tək qalıb. Top ayağında olan veteran ona ötürmə vermək əvəzinə, başqasını zərbə mövqeyinə çıxardı və o da toru silkələdi. Fuad bundan əsəbləşərək “mənə niyə vermədin” deyincə, həmin veteran “görmədin filankəs tək idi, ona görə topu ona ötürdüm” söylədi. Aptekçi qardaş da onun dediklərinin cavabında “bəyəm mən qapının ağzında ailəli dayanmışdım? Mən də tək idim” söyləyincə, hamını gülmək tutdu.
“İnsan gərək əvvəlcə öz ailəsini dolandırsın, sonra bazlığa getsin”


Nəvai “Gəncliy”ində oynadığıım vaxt idi. Baş məşqçimiz uşaqlardan birinə sağ cinah müdafiəçisi kimi oynamağı tapşırmışdı. O da cinahı boş qoyub, ancaq irəli atılırdı. Rəqib də bundan istifadə edib, sağ cinahı “proxodnoy dvor” etmişdi. Birinci hissədən sonra artıq həmin cinahdan qurulan hücumlar sayəsində qapımızda 4 qol görmüşdük. Fasilədə baş məşqçimiz həmin müdafiəçiyə səhvlərini başa salıb, mövqeyini boş qoymamağı tapşırdı. O isə “mən hücuma dəstək verməliyəm” deyib, yenə irəli gedəcəyini bildirdi. Ehtiyat oyunçular skamyasında da futbolçu yoxdu deyə, baş məşqçi onun nazı ilə oynayır, xahiş-minnətlə mövqeyində oynamasını istəyirdi. Bu da inadından dönmür, “mən irəli gedib hücuma dəstək verməliyəm” söyləyib, ikinci hissədə də belə edəcəyini bildirdi. Biz də oturub bunların söhbətinin nə ilə qurtaracağını gözləyirik. Axırda məşqçi dözməyib “a bala, insan gərək əvvəlcə öz ailəsini dolandırsın, sonra bazlığa getsin. İndi sən də əvvvəlcə öz qapını qoru, sonra hücuma qoşul” deməklə həmin futbolçuya öz başa düşəcəyi dildə durumu izah etdi.

 


“Üzdəniraq Lünqberq deyil e...”
Karyeramı başa vurandan sonra o vaxt “Şəfa” adlanan stadionda həftədə bir dəfə bir araya gəlib futbol oynayırdıq. Nə gizlədim, həmin oyuna görə pullu oğlanlardan biri bizə 20 manat qonorar verirdi. Bir gün elə qar yağıb, elə şaxta var ki, bilmirik oyun olacaq-olmayacaq. Hamımız bir yerə toplaşıb nə qərar veriləcəyini gözləyirik. Birdən ordakılardan biri qayıtdı ki, “xəbəriniz var, “Arsenal”dakı Lünqberq üzdəniraqdı”. Həmin vaxt da Lünqberq 8 milyon dollarlıq müqaviləyə qol çəkmişdi. 20 manata görə iki saatdı stadionda dayanıb gözləyirik ki, təki matç keçirilsin, pulumuzu alıb evə gedək. Dözməyib üzümü həmin veteran futbolçuya tutaraq “üzdəniraq Lünqberq deyil e, bizik. O 8 milyona müqavilə bağlayıb istədiyini edəcək. İstəsə, bir gün kişi olacaq, bir gün qadın. Biz isə 20 manata görə iki saatdı qarın altında, şaxtalı havada ayaqüstə dayanıb gözləyirik”. Bu sözüm sonradan çox danışıldı. Veteranlar harda otururdularsa, dediyimi yada salıb gülürdülər. ("Futbol plus" qəzeti)